AZ

Fələstinli nazir: Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlıq sazişi üzərində çalışırıq EKSKLÜZİV

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 8 dekabr, Aytac Haqverdiyeva, Səfiyar Məcnun, AZƏRTAC

İƏT Mədəniyyət Festivalı kimi mötəbər bir tədbirdə iştirak etmək mənim üçün böyük şərəfdir. Bu festival yalnız yaradıcı sənaye nümayəndələrini deyil, eyni zamanda İslam dünyasının mədəniyyət liderlərini bir araya gətirir. Bu, həm mədəni həmrəyliyin, həm də dəyərlərimizin təbliğinin güclənməsinə xidmət edir.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Fələstin Dövlətinin mədəniyyət naziri İmadeddin Abdullah Salim Hamdan deyib.

Nazir İslam ölkələrinin ortaq tarixə, zəngin irsə, mənəvi və mədəni dəyərlərə sahib olduğuna diqqət çəkib: “Məhz buna görə də mədəni dialoqun davamlı şəkildə qurulması, yaradıcı mübadilənin gücləndirilməsi və birgə layihələrin inkişaf etdirilməsi zəruridir. Bu platforma ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına və mədəni inteqrasiyanın genişlənməsinə şərait yaradır.

Azərbaycanın bu festivalı yüksək peşəkarlıqla təşkil etməsi münasibətilə Azərbaycan Mədəniyyət Nazirliyini və bütün tərəfdaş qurumları təbrik edirəm. Mən daha öncə də Bakıda və Şuşada keçirilən mühüm mədəni tədbirlərdə iştirak etmişəm. Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ədalət, bərpa və mədəni dirçəlişin rəmzi kimi tarixə düşüb. Azərbaycanda olmaq həmişə məmnunluq doğurur və biz bu qardaş ölkə ilə əlaqələrimizin daha da möhkəmlənəcəyinə inanırıq. Fələstin dövləti Azərbaycanla mədəni əməkdaşlığın dərinləşdirilməsinə böyük önəm verir. Hazırda mədəniyyət sahəsində təcrübə mübadiləsinin, yaradıcı tərəfdaşlığın və birgə layihələrin genişləndirilməsi məqsədilə mədəniyyət nazirliklərimiz arasında mədəni əməkdaşlıq sazişinin imzalanması üzərində çalışırıq. Biz bu münasibətlə Azərbaycan Mədəniyyət Nazirliyini Fələstində görməkdən məmnun olarıq. Çünki İslam mədəniyyətinin sülh, bəşəri dəyərlər, mərhəmət və yaradıcılıq missiyasının beynəlxalq arenada daha da güclənməsi üçün bu kimi tədbirlər mühüm rol oynayır. Biz bu birliyə və ideyalara sadiq qalaraq əməkdaşlığımızı gələcəkdə daha da genişləndirəcəyik”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
87
1
azertag.az

2Mənbələr