AZ

Maduronu nə gözləyir? – ABŞ-dan bir həftəlik ultimatum, regionda gərginlik pik həddə

Venesuella ətrafında geosiyasi gərginlik son aylarda kəskin şəkildə artıb. ABŞ administrasiyasının xüsusilə Donald Tramp dövründə Karakasla münasibətlərdə sərt xəttə üstünlük verməsi regionda qüvvələr balansını yenidən formalaşdırır. Artıq proses təkcə iki ölkə arasında siyasi qarşıdurma deyil, həm də qlobal güclər arasındakı təsir mübarizəsinin yeni mərhələsi kimi qiymətləndirilir. Siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında qeyd edib ki, Trampın Venesuellaya yönəlik hədəfləri yalnız hakimiyyət dəyişikliyi ilə məhdudlaşmır, həm də Latın Amerikasında ABŞ üçün yeni strateji mövqe formalaşdırmaq niyyətini özündə ehtiva edir.

Siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, Donald Trampın Venesuellaya dair planları əvvəlki administrasiyaların yanaşmasından xeyli fərqlənir və daha açıq, sərt siyasi strategiya üzərində qurulub.

Analitikin sözlərinə görə, Venesuellanın Latın Amerikasında ABŞ siyasətinə uyğunlaşmayan əsas ölkələrdən biri olması Vaşinqtonun bu dövlətə münasibətini uzun illərdir kəskinləşdirib: “Məlumdur ki, Venesuela hələ Uqo Çaves dövründən başlayaraq ABŞ-la davamlı qarşıdurma vəziyyətində olub. Tramp hakimiyyətə gəldikdən sonra əvvəlki dövrlərin diplomatik məhdudiyyətlərlə təzyiq taktikasını dəyişdirərək açıq və birbaşa təzyiq siyasətinə keçdi. Hazırkı situasiya ABŞ–Venesuella münasibətlərini faktiki olaraq müharibə həddinə gətirib”.

Aydın Quliyev qeyd edir ki, Vaşinqtonın əsas tələbi Prezident Nikolas Maduronun hakimiyyəti tərk etməsidir:
“Tramp administrasiyası Maduraya ölkəni bir həftə ərzində tərk etməsi üçün ultimatum verib. Maduro isə dönüş müddətinin bir il yarım olmasını təklif edib. Bu isə göstərir ki, Venesuela radikal mövqeyinə baxmayaraq ABŞ qarşısında tam davam gətirmək imkanının olmadığını başa düşür”.

Analitik hesab edir ki, əgər Maduro güzəştə getməzsə, ABŞ-ın hərbi əməliyyatlara əl atması ehtimalı realdır:

“Tramp artıq bir neçə dəfə quru və hava əməliyyatlarına üstünlük verdiyini sübut edib. İranın nüvə obyektlərinə 10 min kilometr uzaqdan aviasiya zərbələri endirilməsi onun güc tətbiqi siyasətinin nümunəsidir. Venesuellada da oxşar ssenarinin təkrarlanması istisna olunmur”.

Aydın Quliyev vurğulayır ki, ABŞ-ın məqsədi ilk növbədə Venesuellada hakimiyyət dəyişikliyinə nail olmaqdır:
“Cari hakimiyyətin ABŞ-la əməkdaşlığa açıq olmaması Vaşinqton üçün qəbuledilməzdir. Həm siyasi xətt, həm də Venesuellanın zəngin neft və digər təbii ehtiyatları ABŞ üçün strateji əhəmiyyət kəsb edir. Buna görə də ABŞ Venesuellanın öz siyasətinə yaxın şəxslər tərəfindən idarə olunmasını istəyir. Bu prosesdə Rusiyanın ciddi müqavimət göstərə bilməsi ehtimalı yüksək deyil. Rusiyanın diqqəti Ukrayna müharibəsinə yönəlib. Suriya üzərində təsirini itirdiyi bir şəraitdə Venesuellada ABŞ-a qarşı sərt mövqe nümayiş etdirməsi real görünmür. Çin müəyyən narazılıqlar göstərə bilər, lakin ABŞ-ın Pekini neft yataqları məsələsində ehtiyatlı davranacağına inandırmaq imkanları da var”.

Nəticə olaraq analitik bildirir ki, ABŞ-ın Venesuellaya qarşı planları ciddi xarakter daşıyır və regionda yeni siyasi reallıq yarada bilər: “Əgər Venesuellanın müqaviməti qırılsa, Latın Amerikasında qüvvələr balansı köklü şəkildə dəyişəcək. Hazırda ABŞ siyasətinə tam loyal olmayan Kolumbiya, Braziliya, Çili kimi ölkələr də bu təsir dalğasından yayınmayacaq. Böyük ehtimalla Venesuellanın sıradan çıxması Latın Amerikasında ABŞ təsirinin daha da güclənməsinə səbəb olacaq”.

// Gülnarə Abasova, Editor.az

Seçilən
37
editor.az

1Mənbələr