AZ

İcbari tibbi sığortaya inam artır: 11 ayda 86 milyon xidmət, 347 min əməliyyat – əsas rəqəmlər açıqlanıb » AzadMedia.az


Bu il ölkədə icbari tibbi sığorta xidmətlərindən istifadə əhəmiyyətli dərəcədə artıb. Bu barədə məlumatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova TƏBİB və Agentlik tərəfindən keçirilən “İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim”də açıqlayıb.

Onun sözlərinə görə, 2025-ci ilin ilk 11 ayında dövlət tibb müəssisələrində 5 milyon 131 mindən çox vətəndaş icbari tibbi sığortadan yararlanıb və onlara 86 milyondan çox tibbi xidmət göstərilib. Ötən ilin eyni dövrü ilə müqayisədə müraciətlərdə 4%, tibbi xidmətlərdə isə 12% artım müşahidə olunub. Bu dinamika tibbi xidmətlərə çıxış imkanlarının genişləndiyini və sistemə olan ictimai etimadın yüksəldiyini göstərir.

Aynurə Əhmədova həmçinin icbari tibbi sığorta hesabına ən çox icra olunan əməliyyatların statistikasını açıqlayıb. Bildirib ki, cari ilin 11 ayında dövlət tibb müəssisələrində 347 mindən çox əməliyyat və prosedur həyata keçirilib. Ən çox aparılan əməliyyatlar sırasında uroloji müdaxilələr, təbii doğuş və qeysəriyyə kəsiyi əməliyyatları üstünlük təşkil edir.

Əməliyyatların ən çox icra olunduğu tibb müəssisələri arasında Sabunçu Tibb Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası və Gəncə Şəhər Birləşmiş Xəstəxanası öndə gedir.

Məlumatlar göstərir ki, icbari tibbi sığorta sistemi əhali üçün daha əlçatan və effektli tibbi xidmət təmin etməkdə davam edir.
Seçilən
32
1
azadmedia.az

2Mənbələr