AZ

Sağlam uşağa “ürək xəstəsi” DEDİLƏR – Özəl klinikada QALMAQAL

Həkimlərin səhvi gənc gimnastın idman karyerasını az qala məhv edəcəkdi.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Tam sağlam uşağa “ürək qüsuru” diaqnozu qoyulub, ailə məhkəməyə müraciət etməyə hazırlaşır.

Moskvadakı “Gimed” tibb mərkəzində aparılan adi tibbi müayinə 8 yaşlı Olya (ad şərtidir) və ailəsi üçün əsl kabusa çevrilib.

Peşəkar şəkildə gimnastika ilə məşğul olan və heç vaxt sağlamlıq problemi yaşamayan qıza həkimlər ürək qüsuru diaqnozu qoyaraq, dərhal idmanı buraxmağı tövsiyə ediblər.

Diaqnozun sübutu kimi exokardioqrafiya məlumatları əsas gətirilib. Gözlənilməz xəbərdən şoka düşən valideynlər dəqiqləşdirmə üçün N.F.Filatov adına xəstəxanaya üz tutublar.

Oradakı həkimlər qızda heç bir patologiya aşkar etməyiblər.

Lakin özəl tibb mərkəzi həmkarlarının rəyini qəbul etməyib və ilkin diaqnozun təkzibini şübhə altına alıb. Bundan sonra valideynlər qızı A.N.Bakulev adına Ürək-Damar Cərrahiyəsi Elmi Mərkəzinə müayinəyə aparıblar.

Oranın mütəxəssisləri də gənc idmançının tamamilə sağlam olduğunu təsdiqləyiblər.

Buna baxmayaraq, “Gimed” hələ də səhvini etiraf etməkdən imtina edir. Klinika israrla bildirir ki, ürəyi yüklənməyə dözməyəcəyi üçün qıza idmanla məşğul olmaq qəti qadağandır.

Olyanın anası mərkəzdən üzr istəməsini tələb edir və məhkəməyə iddia qaldırmağa hazırlaşır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
57
1
interpress.az

2Mənbələr