Bakı, 8 dekabr, AZƏRTAC
ABŞ-ın yenilənmiş Milli Təhlükəsizlik Strategiyası bəzi Avropa rəsmilərinin qəzəbinə səbəb olub.
AZƏRTAC xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, dekabrın 5-də dərc olunan sənəddə digər narahatlıqlarla yanaşı, Avropa İttifaqı rəhbərliyinin və digər strukturların təxribatçı siyasəti nəticəsində Avropanın 20 ildən sonra tanınmaz hala düşəcəyi və sivilizasiya kimi yox olmaqla üz-üzə qalacağı qorxusu ifadə edilir. ABŞ administrasiyası bəzi Avropa ölkələrinin Vaşinqtonun etibarlı müttəfiqi kimi qalması üçün gələcək iqtisadi və hərbi potensialına şübhə ilə yanaşır.
Nəşrin yazdığına görə, adı açıqlanmayan avropalı məmur strategiyanın Avropa İttifaqı ilə bağlı müddəalarını “çox narahatedici” adlandırıb. Bununla belə, o qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp hazırda çox güclüdür və Avropa liderləri ona “simvolik diplomatik etirazlardan” başqa bir şey edə bilməyəcək.
Qeyd edək ki, bir müddət öncə Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallas Dohada keçirilən forumda çıxışı zamanı strategiyada icmaya qarşı tənqidlərə baxmayaraq, Brüssel və Vaşinqtonun “əsas müttəfiqlər olaraq qalacağını” bildirib.