AZ

Paşinyan Ermənistan kilsələrində dövlət bayraqlarının ucaldılmasını təklif etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə kilsələrində Ermənistanın milli bayraqlarının yerləşdirilməsi təşəbbüsü ilə çıxış edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, təklifi sosial şəbəkələrdə canlı yayım zamanı səsləndirib.

Paşinyanın sözlərinə görə, bir çox ölkələrdə tətbiq olunan bu praktika Ermənistan üçün də uyğun ola bilər.

Baş nazir bayrağın həm kilsələrin girişində, həm də içərisində qaldırılmasını təklif edib.

O, həmçinin bazar günü ibadətlərindən əvvəl dövlət himninin səsləndirilməsi ideyasını yenidən gündəmə gətirib. Paşinyan hesab edir ki, himnin ifası liturgiyada vurğulanan “ali dövlət” anlayışı ilə uyğunluq təşkil etməli və dünyəvi dövlətlə mənəvi dəyərlər arasındakı əlaqəni göstərməlidir.

Bu təkliflər Ermənistan hökuməti ilə Ermənistan Apostol Kilsəsi arasında son aylarda kəskinləşən qarşıdurma fonunda irəli sürülüb. Gərginlik Paşinyanın ruhanilərə yönələn sərt çıxışları və kilsənin ali rəhbəri – katolikosun seçilməsi qaydalarının dəyişdirilməsinə dair təklifi ilə daha da artıb.

Son aylarda üç yeparxiya rəhbəri – arxiyepiskoplar Baqrat Qalstanyan və Mikael Ajapaxyan, yepiskop Mkrtiç Proşyan, həmçinin Eçmiədzin Ana Taxtının kanslerliyinin rəhbəri Arşak Xaçatryan müxtəlif ittihamlarla saxlanılıb. Kilsəni dəstəkləyən iş adamı və xeyriyyəçi Samvel Karapetyan da kilsəyə “öz yolu ilə dəstək verəcəyini” bildirdikdən sonra həbs edilib.

Gərginlik 27 noyabrda daha da artıb. Hökumətyönlü sosial mediada kilsə iyerarxiyalarının imzası ilə yayılan bəyanatda onlar katolikos II Karegini arxiyepiskop Arşak Xaçatryanla bağlı yayılan intim görüntüləri “ört-basdır etməkdə” ittiham ediblər. Elə həmin gün bəyanatın müəllifləri Paşinyanla görüşüblər.

Noyabrın 29-da isə həmin qrup tərəfindən katolikosun könüllü şəkildə taxtdan getməsinə çağırış edən yeni bəyanat yayımlanıb. Sənəddə II Karegin “özbaşına idarəetmə”, “siyasi müdaxilə” və kilsə rəhbərinin missiyası ilə uyğun gəlməyən davranışlarda ittiham olunur.

Seçilən
28
operativmm.az

1Mənbələr