Tayland hakimiyyəti Kamboca ilə sərhəddə gərginliyin artması fonunda 641 məktəbdə tədrisin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.
Editor.az Khaosod portalı”na istinadla xəbər verir ki, bu barədə Tailand Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Təhsil Nazirliyi vəziyyəti daim nəzarətdə saxlayır və zərurət yaranacağı təqdirdə bəzi məktəblərdə karantin müddətinin uzadılması və ya təhsilin onlayn formada davam etdirilməsi ilə bağlı alternativ planlar hazırlayır. Qurum şagirdlərin və təhsil işçilərinin təhlükəsizliyinin əsas prioritet olduğunu vurğulayıb.
Tayland–Kamboca sərhədində toqquşmalar ötən həftənin sonunda şiddətlənib və hazırda da davam edir. Dekabrın 8-də Tayland Buriram əyalətindəki mülki ərazilərin atəşə tutulmasında Kambocanı ittiham edib.
Bundan əvvəl də tərəflər arasında qarşılıqlı hücumlar qeydə alınıb. Gərginlik Taylandın Anupong aviabazasına edilən hücumdan sonra daha da artıb. Hadisəyə cavab olaraq Tayland Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları Çonq An Ma bölgəsində Kambocanın artilleriya mövqelərinə zərbələr endirib.
//Gülnarə Abasova, Editor.az