Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonu Qaynaq kəndində Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri, Şuşa istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuş Surxayzadə Cahangir Hətəm oğlunun evində olub, ailənin qayğıları ilə maraqlanıb.
“İki sahil” xəbər verir ki, görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Anar Məmmədov şəhidin valideynlərinə baş sağlığı verib, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin 44 günlük Vətən Müharibəsində dünyanı heyrətə salan daxili və xarici siyasətindən, ordumuzun qələbəsindən söhbət açıb. Bu gün şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara ölkə rəhbərliyinin göstərdiyi hərtərəfli diqqət və qayğısından danışıb. Şəhid ailələrinin qayğılarının hər zaman dövlət başçının diqqətində olduğu vurğulanıb.
Şəhid Surxayzadə Cahangir 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.