Üç qədim amforadakı on minlərlə sikkə gec Roma Qalliyasında maliyyə həyatına dair nadir məlumat təqdim edir…
Poliqon xəbər verir ki, Fransanın şimal-şərqindəki Senon kəndində INRAP arxeoloqları son illərin ən möhtəşəm arxeoloji tapıntılarından birinə rast gəliblər. Yaşayış evinin döşəməsinin altında gizlədilmiş üç qədim gil qab, amfora üzə çıxarılıb və onların ikisi minlərlə Roma sikkəsi ilə dolu olub.
Tədqiqatçılar bildirirlər ki, birinci qabın içində təxminən 38 kiloqram, yəni 23–24 min ədəd sikkə olub. İkinci amforadan isə 50 kiloqrama yaxın, 18–19 min ədəd sikkə tapılıb. Üçüncü amfora isə qədim dövrdə götürüldüyündən oradan yalnız üç sikkə qalıb.
Aşkar edilmiş sikkələr eramızın 280–310-cu illəri arasında dövriyyəyə buraxılıb. Onların arasında “Qalyya imperiyası” adlanan qısaömürlü siyasi qurumun hökmdarları, imperator Viktorinus, Tetrik I və Tetrik II-nin təsvirləri olan nadir nümunələr də mövcuddur.
Arxeoloqların sözlərinə görə, amforaların birbaşa evin içində, üzü yuxarı, boğaz hissəsi döşəmənin səviyyəsində qalacaq şəkildə basdırılması həmin qabların “gizlədilmiş xəzinə” deyil, qədim insanların gündəlik yığım və qənaət vasitəsi olduğunu göstərir. Yəni ev sahibləri bu qabları təhlükə anında tələsik gizlətməyib, əksinə, uzunmüddətli maliyyə ehtiyatı kimi istifadə ediblər.
Alimlər vurğulayırlar ki, bu bölgədə təxminən 30 belə sikkə tapıntısı məlum olsa da, Senondakı kəşfin dəyəri yalnız miqyasından ibarət deyil. Tapıntının məhz ev daxilində və xüsusi şəkildə saxlanması gec Roma Galliyasının məişəti, maliyyə davranışları və ev təsərrüfatının təşkili barədə son dərəcə nadir məlumat verir.
Araşdırmalar davam edir və ekspedisiya üzvləri hesab edirlər ki, bu xəzinə təkcə bölgə arxeologiyası deyil, həm də Roma imperiyasının iqtisadi tarixi üçün mühüm mənbələrdən birinə çevriləcək.
Poliqon.info