AZ

Misirdə sensasion tapıntı: Arxeoloqlar məzarda mumiyanın əvəzinə 225 fiqur aşkar ediblər...

Tanınmayan boş kral məzarı, qadın obrazlı uşabtilər və III Şeşonqun müəmmalı dəfni…

Poliqon xəbər verir ki, beynəlxalq arxeoloji ekspedisiya Nil deltasındakı Tanis nekropolunda misilsiz bir kəşfə imza atıb. Tədqiqatçılar burada 225 ədəd uşabti - qədim misirlilərin ölülər dünyasında sahibinə xidmət etmək üçün hazırlanmış qəbir fiqurları aşkar ediblər. Ən diqqətçəkən məqam isə fiqurların yerləşdiyi dəfn kamerasının boş olmasıdır. Sarıkofaq tamamilə toxunulmamış qalıb, lakin içində heç bir cəsəd olmayıb. Belə “toxunulmamış, lakin boş” kral dəfn kamerası son 80 ilə yaxındır qeydə alınmayıb.

Tapıntıların böyük hissəsi qadın fiqurlarını təsvir edir. Bu, kral ailələrinə aid uşabtilərdə olduqca nadir rast gəlinən haldır. Fiqurcuqların üzərindəki kral simvolları arxeoloqlara məzarın təqribən e.ə. 830–791-ci illərdə hökm sürmüş Misir hökmdarı III Şeşonqa aid olduğunu müəyyənləşdirməyə imkan verib.

Elm adamları hesab edirlər ki, bu kəşf Misirin gec dövrlərinə aid dəfn ənənələrinin yenidən qiymətləndirilməsi üçün mühüm dönüş nöqtəsidir. Bir tərəfdən, belə zəngin və tam toxunulmamış kolleksiyanın tapılması misilsiz elmi dəyərə malikdir. Digər tərəfdən, məzar sahibinin qalıqlarının yoxluğu çoxsaylı suallar doğurur: hökmdar başqa yerə köçürülmüş ola bilər, yaxud onun qalıqları zamanla itib.

Ekspedisiyanın rəhbəri Frederik Payradyo tapıntını “ölkənin arxeoloji tarixində onilliklər ərzində görünməmiş, miqyasına və elmi əhəmiyyətinə görə heyrətamiz” hadisə adlandırıb. Onun sözlərinə görə, bu məzarın qeyri-adi quruluşu, uşabtilərin tərkibi və dəfn kontekstinin naməlumluğu, gec dövr Misir siyasəti, dini ritualları və kral sülalələrinin daxili münasibətləri barədə yeni araşdırma istiqamətləri açır.

Hazırda alimlər belə bir sualla üz-üzədir: nə üçün Şeşonq III ənənəvi monumental kral məzarında deyil, başqa bir dəfn kamerasında “boş” şəkildə dəfn olunub? Nəticələr hələlik aydın olmasa da, Tanis tapıntısı Misirin son dinastiyalar dövrünə dair təsəvvürləri yenidən formalaşdırmaq potensialına malikdir.

Poliqon.info

Seçilən
36
poliqon.info

1Mənbələr