Bir çox insanlar maddi vəziyyətləri baxımdan ikinci əl avtomobillərin alınmasına üstünlük verirlər. Bəzən isə avtomobili satan şəxs problemsiz maşın olduğunu iddia etsə də, usta tam əksini sübut edir.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən mütəxəssis Həsənağa Əlili bildirib ki, alıcının aldanmaması ilk olaraq maşını yoxlayan ustanın vicdanından, daha sonra peşəkarlığından asılıdır: “Alıcı avtomobilə ilk olaraq özü baxsa da, daha sonra ətraflı yoxlama ehtiyacı gördüyü üçün ustaya aparır. Burada diqqət edilməlidir ki, birinci maşını satan şəxs, ikinci isə maşını yoxlayan usta aldatmasın. Bəzi ustalar görünən zədəli detalı demək yerinə gizlədir. Avtomobillər yürüyüşün çəkilməsinə, detallarında olan zədələrə diqqət etmək lazımdır. Avtomobil alarkən yürüşə təkcə sayğaca görə yox, texniki baxış sənədlərinə, kompüter diaqnostikasına, servis tarixçəsi, detallarının aşınma səviyyəsinə görə qiymət vermək lazımdır. Bəzən satan adam rənglənmə olmayıb deyir, ancaq baxanda görünür ki, hansısa detallarda yenidən rənglənmə olub. Maşının suda qalma məsələsi var ki, bəzən satıcılar maşını suya düşməyən avtomobil kimi satmaq istəyirlər. Bunun da öyrənməyin yolları var. Məsələn oturacaqların altına baxılır, açıqda olan dəmir hissələrində çox kobud formada paslanma varsa, hərəkət edildiyi zaman səslər gəlirsə deməli maşın suda qalıb. Maşının döşəmə hissəsində xalçası olur. Qaldırılıb altına baxılaraq vəziyyət dəyərləndirilir”.
Usta maşın satıcılarının bilə-bilə zədəli avtomobil satmaq üçün yalan danışdığının da şahidi olduğunu qeyd edib: “Maşının probleminin olmadığı deyilsə də ciddi texniki zədələnmələr aşkar etmişəm. Belə olduğu halda onlar əsəbləşirlər və “Niyə satmağa qoymursan?, “Nə üçün dedin” kimi suallar verirlər. Bəzən usta ilə satıcı öz aralarında anlaşırlar. Usta yalan danışaraq maşının yaxşı vəziyyətdə olduğunu deyir və satıcı ona sonradan “hörmət” edir. Bu doğru hərəkət deyil. Elə detallar var ki, onların xarab olması anidən baş vermir. Məsələn, mühərrik yağı normadan artıq sərf edir. Bunun qısa zamanda olması mümkün deyil. İllər ərzində aşınma nəticəsində mühərrikdə yaranan zədələrə görə baş verir. Həmçinin təhlükəsizlik yastığı tənzimlənməsi bəzi hallarda pozulmuş olur. Bu zaman usta görür, amma demirsə, daha sonra həmin adam qəza keçirərsə və təhlükəsizlik yastıqlarının heç biri açılmasa, hadisə ölümlə də nəticələnə bilər. Belə hallara yol vermək olmaz”.
Şəhanə Quliyeva