AZ

Aviasiyanı iqlim baxımından neytral vəziyyətə gətirmək üçün 5 trilyon dollar tələb olunur

Berlin, 8 dekabr, AZƏRTAC

Hava nəqliyyatının iqlim baxımından neytral hala gətirilməsi üçün 2050-ci ilədək təxminən 5,1 trilyon ABŞ dolları həcmində investisiya tələb olunur.

AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, bu barədə “Allianz Trade” şirkəti tərəfindən yayımlanan araşdırmada bildirilib.

Hesabata əsasən, mülki aviasiya hazırda insanların yaratdığı qlobal istiləşmənin təxminən 6 faizinə cavabdehdir. Dayanıqlı aviasiya yanacaqları (SAF) tətbiq edildiyi təqdirdə CO₂ emissiyalarını 60-90 faiz həcmində azaltmaq mümkündür. Lakin hazırda qlobal kerosin tələbatının cəmi 0,3 faizi bu yanacaqlarla ödənilir.

Araşdırmada istismarda olan təyyarələrin orta yaşının rekord həddə - 15 ilə çatdığı, yeni təyyarələrin tədarükü üçün gözləmə müddətinin isə təxminən altı il olduğu qeyd edilib. Proqnozlara görə, 2025-ci ildə dünyada təxminən 5 milyard səyahət həyata keçirildiyi halda, 2050-ci ildə bu göstərici 12,4 milyarda çata bilər. Avropada sərnişin tələbinin 52 faiz artaraq 1,81 milyard nəfərə yüksələcəyi proqnozlaşdırılır.

Həmçinin vurğulanıb ki, hazırkı emissiya sertifikatlarının qiyməti hələ də dayanıqlı yanacaqlardan daha ucuzdur və bu da yaşıl keçidi ləngidir.

“Allianz Trade”in məlumatına görə, texnoloji, yanacaq və siyasi həllərin paralel tətbiqi olmadan aviasiyanın dekarbonizasiyası mümkün olmayacaq.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
67
4
azertag.az

5Mənbələr