AZ

Gənclər Dialoqunda D-8-ə üzv olan ölkələrdən 40-dan çox gənc iştirak etdi

Bakı, 7 dekabr, Göyçək Mahmudlu, Azər İbrahimov, AZƏRTAC

D-8 Gənclər Dialoqu ilk dəfədir keçirilir. Gənclərin inkişafı və əlaqələrinin artırılması üçün önəmli tədbirlərdən biridir. Burada D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr tam şəkildə təmsil olunublar. Ümumilikdə tədbirə 100-dək iştirakçı qatıldı. Belə ki, Gənclər Dialoqunda D-8-ə üzv olan ölkələrdən 40-dan çox gənc, müxtəlif ölkələrin gənclər siyasəti sahəsində çalışan mütəxəssisləri, nümayəndə heyətləri iştirak etdilər.

Bunu AZƏRTAC-a açıqlamasında Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova deyib.

Ü.Axundovanın sözlərinə görə, tədbirin ilk iki mərhələsi, yəni panel müzakirələri, birgə deklarasiyanın hazırlanması və gənclərin dayanıqlı, iqlimədavamlı şəhərlərin salınmasında rolunu əks etdirən müzakirələr iki gün ərzində Bakıda keçirildi. Dekabrın 8-də isə Bakıda Zəfər parkı və görməli yerlər, o cümlədən 2025-ci ilin Gənclər Paytaxtı seçilən Sumqayıtda Gənclər Evi, gənclərin inkişafı sahəsində görülən işlərlə tanışlıq nəzərdə tutulub.

"Forumun məqsədi D-8 ölkələrinin gəncləri arasında əlaqələri inkişaf etdirmək, regional əməkdaşlığa töhfə vermək, həmçinin gənclərin şəhərsalma, şəhər quruculuğu proseslərində rolunu artırmaqdır. Bildiyimiz kimi, 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Azərbaycanda keçiriləcək. Həmin foruma uyğun olaraq D-8 Gənclər Dialoqunun mövzusu şəhərsalma, şəhər quruculuğu və dayanıqlı şəhərlərin qurulmasında gənclərin rolu mövzusuna həsr olunub. Tədbirə təşkilata üzv olan hər bir ölkənin gənclər siyasəti sahəsi üzrə nümayəndələri, müxtəlif ölkələrdən mütəxəssislər dəvət olunmuşdular. Onlar panel müzakirələrində gənclərin şəhərsalmada iştirakçılığı, onların görə biləcəyi işlər barədə məlumat verdilər", - deyə Ü.Axundova qeyd edib.

Seçilən
95
1
azertag.az

2Mənbələr