Misli Premyer Liqasının XIV turunun “Karvan-Yevlax” - "Şamaxı" (0:3) oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Füzuli Məmmədovun mətbuat konfransı keçirilib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis böyük hesabla uduzduqları qarşılaşma barədə fikirlərini açıqlayıb:
"Oyuna ciddi hazırlaşmışdıq. Baxmayaraq ki, hazırlaşmağa uzun zamanımız olmamışdı. Yalnız bərpa və taktiki yöndə məşq edə bilmişdik. Amma rəqibi təhlil etmişdik. Bilirik ki, "Şamaxı" uzun toplarla oynayan komandadır. Çox istəyirdik ki, bugünkü görüşdə məğlub olmayaq. Təəssüf ki, bunu bacarmadıq. Ruhdan düşmürəm, inanıram ki, komandamız daha yaxşı oyun sərgiləyə, yuxarı yerlərdə ola bilər. Qarşıda bizi daha 2 oyun gözləyir. Ardından fasilə olacaq. Qış fasiləsinə qədərki görüşlərə maksimum hazırlaşacağıq. Bugünkü durumdan işlə, məşqlə, hazırlıqla çıxa bilərik".