"iPhone 17 Pro" və "17 Pro Max" sahibləri vacib kamera funksiyasından məhrum qalıblar.
Ölkə.Az xəbər verir ki, buna "Macworld" nəşri diqqət çəkib.
Bildirilir ki, "Apple"ın ən son flaqmanlarında ön kameranın ayarlarından “gecə portret” rejimi yoxa çıxıb. Bu funksiya zəif işıqlandırmada daha uzun ekspozisiya istifadə etməklə keyfiyyətli selfi çəkməyə imkan verirdi. Portret rejimi ilk dəfə 2016-cı ildə "iPhone 7 Plus"da, ön kameranın gecə rejimi isə 2020-ci ildə "iPhone 12 Pro"da meydana çıxmışdı.
"Macworld" mütəxəssisləri müəyyən ediblər ki, gecə və portret rejimlərinin birləşdirilmiş funksiyası yalnız "iPhone 17 Pro" və "17 Pro Max"dan – "Apple"ın ən yeni, ən inkişaf etmiş və ən bahalı modellərindən – yoxa çıxıb. Halbuki daha köhnə modellərdə, hətta ən son "iOS 26" quraşdırılsa belə, bu funksiya qalır.
"Apple" şirkəti hələlik bunun səbəbi barədə heç bir açıqlama verməyib. Güman edilir ki, ön kameranın gecə rejimi istifadəçilərin şəkilin çəkilib hazır olmasına daha çox vaxt gözləməsinə səbəb olurdu və buna görə "Apple" bu opsiyanı söndürə bilər. Bununla belə, "iPhone 17 Pro" və "17 Pro Max"ın əsas kamerasında gecə və portret rejimlərinin birləşdirilmiş funksiyası qalmaqdadır.
Noyabrın sonunda "MacRumors" portalının jurnalistləri "iOS 27"nin əsas funksiyalarını sadalamışdılar. Onların məlumatına görə, yeni əməliyyat sistemi (ƏS) yenilənmiş "Liquid Glass" dizaynını, "Apple Intelligence" neyroşəbəkəsinin yeni imkanlarını və ödənişli “Sağlamlıq+” xidmətini alacaq.