AZ

Sergey Kuzan: Pokrovsk şəhərinin mərkəzi “boz zona”ya çevrilib

Kiyev, 6 dekabr, AZƏRTAC

Ukrayna-Rusiya qoşunlarının cəbhə xəttində ağır döyüşlər davam edir. Rusiya ordusu cəbhə xəttini genişləndirərək, xüsusilə Donetsk, Xarkov, Zaporojye vilayətlərində intensiv hücumlar həyata keçirir. Ukrayna silahlı qüvvələri isə effektiv müdafiə olunmağa çalışır.

Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin sədri, hərbi ekspert Sergey Kuzan AZƏRTAC-a açıqlamasında cəbhədəki mövcud vəziyyətin olduqca ağır olduğunu etiraf edib.

“Əlbəttə ki, Donetsk vilayətinin Pokrovsk şəhəri istiqamətində durum ağır olaraq qalır. Lakin Rusiya təbliğatı elə bir təsvir yaradır ki, guya Pokrovsk artıq ələ keçirilib. Bunlar yalnız siyasi xarakterli açıqlamalardır, onların məqsədi danışıqlarda öz mövqelərini gücləndirməkdir. Əsl vəziyyət isə belədir - Pokrovskun şimal hissəsi hələ də Ukraynanın nəzarəti altındadır. Şərti olaraq müdafiə xəttini dəmir yolu boyunca ayırmaq olar və həmin xəttin şimalında yerləşən ərazilər 7-ci desant-hücum korpusunun məsuliyyət zonasında qalır. Bölmələrimiz müdafiəni qətiyyətlə saxlayır və bu mövqelərdə düşməni məhv edir”, - deyə ukraynalı hərbi ekspert əlavə edib.

Onun sözlərinə görə, Pokrovskun cənub hissəsi rusların nəzarətindədir, şəhərin mərkəzi hissəsi isə əsasən “boz zona” kimi qalır – bu, daimi atəş təsiri altındakı ərazidir. Rusiya tərəfi həmin ərazini kiçik piyada qrupları ilə doldurmağa çalışır.

“Bizim vəzifəmiz isə axtarış-zərbə əməliyyatları aparmaq, düşməni məhv etmək, zəruri hallarda mərkəzə daxil olaraq binaları təmizləmək və daha sonra öz mövqelərimizə qayıtmaqdır. Çünki biz rusların istifadə etdiyi taktikanı – şəxsi heyəti itkilərlə hesablaşmadan irəli göndərmək metodunu tətbiq etmirik. Biz keyfiyyətə əsaslanan döyüş aparırıq, rus tərəfi isə say hesabına üstünlük qazanmağa çalışır. Cəbhədə Rusiya ordusunun gündəlik itkilərinin statistikası yüksəkdir – sutkada 1100-dən çox rus hərbçisi həlak olur və yaralanır. Bu rəqəmlərin təxminən üçdə ikisini həlak olanlar təşkil edir. Bu, oxşar münaqişələrlə müqayisədə son dərəcə yüksək göstəricidir, baxmayaraq ki, düşmənin məhv edilməsi üzrə arzu olunan tempə, ayda 30–35 min nəfərdən çox – hələlik çata bilmirik.

Hazırda düşmən Pokrovsk və Mirnoqrad istiqamətlərində hücumlarını davam etdirir, ardıcıl şəkildə yeni piyada qrupları göndərərək irəliləməyə cəhd göstərir. Lakin səmərəlilik baxımından müqayisə apardıqda görürük ki, düşmənin hər bir ələ keçirilmiş kvadrat kilometr üçün itkisi bu müharibədə daha yüksəkdir. Rusiya bu göstərici üzrə artıq İkinci Dünya müharibəsindəki itkilərini belə üstələyir. Beləliklə, deyə bilərik ki, hər bir kvadrat kilometr üzrə rus itkilərinin səviyyəsinə görə Rusiya ordusunun rəhbərliyi hətta İkinci Dünya müharibəsində “qanlı taktika” ilə tanınan Jukovu da geridə qoyub. Bu baxımdan tətbiq etdiyimiz taktika kifayət qədər effektivdir və biz onu Rusiya ehtiyatları tükənənədək davam etdirəcəyik”, - deyə Sergey Kuzan bildirib.

Rusiya ordusunun cəbhənin digər istiqamətlərində də hücum riski qalmaqdadır. Xüsusilə Xarkov və Zaporojye istiqamətlərində yeni ərazilərin tutulması üçün hərbi güclər səfərbər olunub.

“Zaporojye istiqamətinə gəldikdə, xüsusilə Qulyapol rayonunda komandamız düzgün qərar qəbul edərək əvvəlcədən hazırlanmış müdafiə xəttinə çəkildi. Həmin ərazidə relyef düzənlikdir və sənaye tikililəri, müdafiəni möhkəmləndirməyə imkan verən təbii dayaq nöqtələri yoxdur. Donetsk bölgəsindəki kimi təpələr və ya sənaye obyektləri olmadığı üçün müdafiəmizi əsasən coğrafi maneələr – xüsusən çaylar boyunca qururuq.

Hazırda rus qüvvələri aşağı relyeflərlə, açıq düzənliklərlə irəliləməyə məcburdur və onların mövqeləri ilə bizim mövqelərimiz arasındakı məsafənin artması, həmçinin çətin görünüş şəraiti və duman olmasına baxmayaraq, düşmənin daha çox canlı qüvvəsini məhv etməyə imkan yaradır. Bu səbəbdən düşmən həmin istiqamətdə ciddi irəliləyiş əldə edə bilmir.

Xarkov vilayətinin Kupyansk istiqamətinə gəlincə, düşmən tərəfindən səsləndirilən iddialar guya şəhərin artıq ələ keçirildiyi barədə bəyanatları – həqiqətdən uzaqdır. Kupyanskın özündə döyüşlər davam edir; biz düşmənə zərbələr endirir, onun logistikasını pozuruq. Lakin çarpışmalar hələ də davam edir. Qeyd etmək lazımdır ki, düşmənin əsas məqsədi qonşu Kupyansk-Vuzlovoydur – strateji dəmir yolu qovşağıdır. Rusiya qoşunları bu hədəfə yaxın belə gələ bilməyib. Xarkov vilayətində, şimaldan – Vovchansk ətrafında döyüşlər davam edir, şəhər daxilində toqquşmalar gedir və Vovchansk hələ ki, düşmən tərəfindən ələ keçirilməyib. Ümumiyyətlə, düşmən bir sıra istiqamətlərdə müəyyən taktiki irəliləyişlər nümayiş etdirsə də, əsas açar nöqtələr – şimalda Kupyansk, cənubda Pokrovsk, Donetsk vilayətində Çasov Yar və Toretsk, eləcə də Liman istiqaməti – dəyişməz olaraq qalır. Bu rayonlarda düşmənin irəliləməsi yoxdur. Düşmən tərəfindən kiçik piyada qruplarının döyüşlərə cəlb olunması müşahidə edilir, lakin onlar bir neçə saat ərzində məhv edilir və ümumi müdafiə xəttimiz stabil olaraq qalır”, - deyə ukraynalı hərbi ekspert Sergey Kuzan cəbhədəki son vəziyyəti şərh edərkən bildirib.

 
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
97
1
azertag.az

2Mənbələr