Bakı, 6 dekabr, Xatirə Cəfərova, AZƏRTAC
Prezident İlham Əliyevin “Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı Azərbaycanda insan kapitalına yanaşmada keyfiyyətcə yeni mərhələnin başlandığını göstərir. Bu Sərəncam, həmçinin uzun illər ərzində formalaşmış əmək bazarı–təhsil uyğunsuzluğunun aradan qaldırılmasına geniş imkan yaradacaq. Burada əsas ideya ali təhsilin kütləviləşməsi fonunda zəifləyən peşə təhsilini yenidən iqtisadi inkişafın mərkəzinə çəkmək, diplom deyil, real bacarıq və məhsuldarlıq üzərindən məşğulluq modelini qurmaqdır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində təhsil eksperti Kamran Əsədov söyləyib. O bildirib ki, əmək bazarında vakansiyaların əhəmiyyətli hissəsi texniki, istehsalat və xidmət sahələrinə aiddir.
“2026–2030-cu illərdə 21 yeni peşə təhsili müəssisəsinin tikilməsi və 2 müəssisənin əsaslı təmirinin nəzərdə tutulması əmək bazarının real tələblərinə uyğun kadr hazırlığı baxımından dönüş nöqtəsidir.
Sərəncamın hüquqi əsaslandırılması da strateji yanaşmanı təsdiqləyir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə istinad edilməsi dövlətimizin başçısının bu sahəni milli prioritet kimi müəyyənləşdirdiyini göstərir. Bundan əlavə, “Təhsil haqqında” Qanunun 20-ci maddəsində peşə təhsilinin əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığı məqsədi daşıdığı təsbit olunub. Bu Sərəncam həmin normanın faktiki icrasını təmin edən mexanizm rolunu oynayır”, - deyə təhsil eksperti bildirib. O, həmçinin qeyd edib ki, “Peşə təhsili haqqında” Qanunun 3.2.6-cı maddəsinə görə, peşə təhsili sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri peşə təhsili müəssisələri şəbəkəsinin davamlı və sistemli inkişafını təmin edərək, müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən peşə təhsili infrastrukturunun yaradılmasıdır.
Elm və Təhsil Nazirliyinin peşə təhsili ilə bağlı həyata keçirdiyi işlərə diqqət çəkən Kamran Əsədov deyib: “Nazirliyin son illərdə peşə təhsilinə yanaşması formal idarəetmədən struktur islahat mərhələsinə keçib. Dual təhsil elementlərinin tətbiqi, işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi, ixtisas standartlarının yenilənməsi və indi də müasir infrastrukturun yaradılması bu siyasətin ardıcıl olduğunu göstərir. Bu, müsbət və strateji yanaşmadır. Çünki beynəlxalq təcrübə sübut edir ki, yalnız bina tikməklə deyil, idarəetmə və məzmunu dəyişməklə nəticə əldə olunur.
Statistik müqayisələr bu qərarın düzgünlüyünü daha aydın göstərir. Almaniyada orta təhsildən sonra gənclərin təxminən 50–55 faizi peşə təhsilinə yönəlir və bu ölkədə gənclər arasında işsizlik səviyyəsi 6–7 faizdən yuxarı qalxmır. İsveçrədə peşə təhsili alan məzunların məşğulluq səviyyəsi 90 faizə yaxındır. Avstriyada sənaye və xidmət sektorlarında çalışan işçilərin yarıdan çoxu məhz peşə təhsili məzunudur. Azərbaycanda isə bu göstərici hələ xeyli aşağıdır. Yeni müəssisələrin yaradılması bu fərqi aradan qaldırmağa xidmət edir”.
Təhsil ekspertinin fikrincə, risklər və zəif tərəflər də nəzərə alınmalıdır: “Əgər yeni açılacaq peşə təhsili müəssisələri real sektorla sıx əlaqələndirilməzsə, müəllim heyəti müasir texnologiyalara uyğun hazırlanmazsa və məzunların sertifikatlarının əmək bazarında tanınması təmin edilməzsə, yalnız infrastruktur investisiyası gözlənilən effekti verməyə bilər. Bu risklərin vaxtında qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.
Daha bir müsbət məqam ondan ibarətdir ki, Sərəncamda maliyyələşmənin Dövlət Neft Fondu hesabına aparılması nəzərdə tutulur. Bu, neft gəlirlərinin istehlaka deyil, uzunmüddətli insan kapitalına yönəldilməsi baxımından olduqca rasional yanaşmadır. Beynəlxalq Valyuta Fondunun tövsiyələrində də resurs ölkələri üçün əsas çağırış məhz bu məqamdır: gəlirlərin insan kapitalına yatırılması.
Bu qərarın icrası nəticəsində ali təhsilə süni tələbat azalacaq, gənclər əmək bazarına daha tez daxil olacaq, əmək məhsuldarlığı artacaq və dövlət büdcəsinə vergi daxilolmaları genişlənəcək. Eyni zamanda, peşə təhsilinin sosial statusu yüksələcək, “məcburi seçim” imici zəifləyəcək və peşə sahibi olmaq cəmiyyət üçün real dəyərə çevriləcək.
Bu Sərəncam göstərir ki, Azərbaycan təhsil siyasətində kəmiyyət mərhələsini arxada qoyaraq keyfiyyət və səmərəlilik mərhələsinə daxil olur. Əgər icra təlimlə, bazar əlaqələri və keyfiyyət nəzarəti ilə tamamlanarsa, peşə təhsili Azərbaycan iqtisadiyyatının əsas dayaq sütunlarından birinə çevriləcək”.