AZ

ABŞ-dən Ukrayna ilə bağlı ŞOK – Əgər bunu etsələr…

Ukraynanın sabiq baş naziri Nikolay Azarovun ABŞ-nin müəyyən ukraynalı nazirlərin həbsi ilə bağlı göstəriş verə biləcəyi barədə iddiası regionda yeni siyasi müzakirələr doğurub.

Azarov bu açıqlamanı Zelenski administrasiyasına qarşı mümkün xarici təzyiqin artdığına dair siqnal kimi təqdim edir və bunun Ukrayna hakimiyyətində potensial dəyişiklik planının əlaməti ola biləcəyini bildirir.

Bundan başqa, ABŞ-nin Ukraynanın suveren hüquq-mühafizə orqanlarına birbaşa həbs əmri vermək səlahiyyəti yoxdur. Ukraynada istintaq və həbs qərarları yalnız yerli qanunvericiliyə əsasən qəbul edilir. Bununla belə, Vaşinqtonun Kiyevə təsir imkanları — xüsusən də maliyyə, hərbi yardım və antikorrupsiya əməkdaşlığı sahəsində siyasi proseslərə dolayı təsir yarada bilir.

Bəs, bu iddia nə dərəcədə realdır və ABŞ-nin Ukrayna siyasətinə təsiri baxımından belə açıqlamaların geosiyasi nəticələri nə ola bilər?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan VHP MNTK sədri, siyasi şərhçi Zeynal Fətulla bildirir ki, Nikolay Azarovun ABŞ-nin Ukraynada nazirlərin həbsi ilə bağlı göstəriş verdiyi və bunun Volodimir Zelenskini hakimiyyətdən uzaqlaşdırmaq planının tərkib hissəsi olduğu barədə iddiaları daha çox siyasi manipulyasiya və informasiya müharibəsinin elementi kimi görünür:

‘Keçmiş baş nazirin Rusiyada yaşayan və açıq şəkildə Kremlə yaxın mövqe sərgiləyən fiqur olması bu açıqlamaların obyektivliyini ciddi şəkildə sual altına alır.

ABŞ-nin Ukrayna siyasətinə təsirinin böyük olduğu inkaredilməzdir. Vaşinqton həm maliyyə, həm də hərbi dəstək müqabilində Kiyevdən korrupsiya ilə real mübarizə və institusional islahatlar tələb edir.

Ukraynada bəzi yüksək vəzifəli şəxslərin saxlanılması isə əsasən bu çərçivədə, Qərbin dəstəklədiyi antikorrupsiya qurumlarının fəaliyyəti ilə izah olunur. Bu prosesləri birbaşa “ABŞ-nin həbslər barədə göstərişi” kimi təqdim etmək üçün isə konkret sübutlar mövcud deyil”.

Siyasi şərhçinin sözlərinə görə, Zelenskini hakimiyyətdən uzaqlaşdırmaq ssenarisi də indiki mərhələdə real görünmür:

“Müharibə şəraitində belə bir addım ABŞ üçün siyasi xaos və cəbhədə idarəolunmazlıq riski yarada bilər.

Vaşinqtonun əsas marağı hazırda Kiyevdə stabilliyin qorunması və Ukraynanın müharibəni davam etdirmək qabiliyyətinin saxlanmasıdır. Bu tip iddiaların əsas geosiyasi nəticəsi Ukrayna daxilində və Qərb ictimai rəyində etimadsızlıq yaratmaqdır. Məqsəd Zelenskinin legitimliyini zəiflətmək, Ukraynanın suveren qərar vermək qabiliyyətini şübhə altına almaq və ABŞ-Ukrayna tərəfdaşlığını sarsıtmaqdır. Bu baxımdan Azarovun açıqlamaları real siyasi proseslərdən çox, informasiya savaşına xidmət edən siyasi tezislər kimi dəyərləndirilməlidir”.

Seçilən
34
nocomment.az

1Mənbələr