AZ

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib

Qahirə, 6 dekabr, AZƏRTAC

Sudanda mərkəzi hakimiyyətə qarşı silahlı mübarizə aparan Çevik Dəstək Qüvvələrinin Cənubi Kordofan vilayətinin Kuluqi bölgəsinə hücumu nəticəsində 79 sakin qətlə yetirilib, 38 nəfər yaralanıb. Ölənlər arasında uşaqlar da var.

AZƏRTAC xəbər verir ki, bu barədə Sudan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir. Sənəddə, həmçinin qanlı hadisə pislənilir. Qeyd olunur ki, bir həftə əvvəl Sudan ordusu ilə Sürətli Dəstək Qüvvələri arasında döyüşlərin cənubdakı Kordofan bölgəsində şiddətlənməsi köçkünlərin sayının artmasına səbəb olub.

BMT-nin məlumatına görə, təkcə may ayında Xoi və Nəhud şəhərlərindən təxminən 47 min nəfər köçkün düşüb. Şimali Kordofandan isə döyüşlərin şiddətlənməsindən sonra 36 mindən çox mülki şəxs ərazidən qaçıb.

Sudanda 2023-cü ilin aprelində müharibə başlayandan bəri on minlərlə insan həlak olub, 12 milyon nəfər isə məcburi köçkünə çevrilib və ölkə dünyanın ən ağır humanitar böhranı ilə üzləşir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
111
2
azertag.az

6Mənbələr