AZ

Müdafiə sahəsində əməkdaşlıq genişləndirilir

Böyük Britaniya - Azərbaycan münasibətləri yeni mərhələdə

Azərbaycanın səyi ilə Cənubi Qafqazda formalaşdırılan sülh mühiti bütövlükdə mühüm bir coğrafiyanın təhlükəsizlik platformasını yenidən müəyyənləşdirir. Artıq qlobal güclər yaranan təhlükəsizlik arxitekturasının güclənməsi istiqamətində Bakı ilə olan münasibətlərini daha da intensivləşdirir. Qeyd edilməlidir ki, regionda ən mühüm tərəfdaşlıq istiqamətlərindən biri  Azərbaycanın Böyük Britaniya ilə qurduğu geniş müdafiə əməkdaşlığıdır. Bu əməkdaşlıq təkcə iki ölkə arasındakı dostluq münasibətlərinin ifadəsi deyil, həm də yeni təhlükəsizlik arxitekturasında qarşılıqlı maraqların kəsişmə nöqtəsidir.

Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlığın təməli 1990-cı illərin ortalarında qoyulsa da, əlaqələrin real dinamika qazanması XXI əsrin ilk onilliyindən sonra baş verib. Böyük Britaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk Qərb dövlətlərindən biri olmaqla yanaşı, ölkənin təhlükəsizlik sahəsində də dəstək göstərən tərəfdaş kimi çıxış edib. Xüsusilə NATO ilə tərəfdaşlıq proqramları çərçivəsində aparılan təlimlər, hərbi hazırlıq və müdafiə planlaşdırılması sahəsində Britaniyanın verdiyi töhfə Azərbaycanın müdafiə sisteminin modernləşdirilməsində əhəmiyyətli rol oynayıb.

Böyük Britaniyanın nümayəndə heyəti Azərbaycanda...

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 4-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakeri qəbul edib. Azərbaycan Prezidenti ilə görüşdən məmnunluğunu bildirən qonaq ölkələrimiz arasında dostluq və etimada əsaslanan münasibətləri qeyd edərək əlaqələrimizin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb.

İkitərəfli münasibətlərimizin zəngin tarixinin olduğunu deyən dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın enerji sektorundan başladığını və daha sonra bir çox sahələri əhatə etdiyini vurğulayıb. Prezident İlham Əliyev ticarət, investisiya və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu deyib. Dövlətimizin başçısı hazırda ölkələrimiz arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifənin açılmasına toxunaraq, bunu qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirib. Qonaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş nəticələr münasibətilə dövlətimizin başçısını təbrik edib. Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirərək, bütün bunların tarixi əhəmiyyət daşıdığını vurğulayıb və bu məsələdə ABŞ Prezidenti Donald Trampın xüsusi roluna toxunub.

Qeyd edək ki, Lord Vernon Koakerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın müdafiə nazirliyində də olub. Müdafiə naziri Zakir Həsənovla görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında hərbi sahədə əlaqələrin xüsusi əhəmiyyət daşıdığı və bunun hər iki tərəfin ordusunun inkişafında müsbət rol oynadığı bildirilib, ötən il ölkəmizdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hərbi Attaşelik Aparatının təsis edilməsinin əhəmiyyəti vurğulanıb. Səfər çərçivəsində qonaqlar, həmçinin “Zabit ixtisas hazırlığı” kursunun gənc zabitlərinin iştirakı ilə keçirilən “Təlimatçı hazırlığı” kursunun növbəti buraxılış mərasimində iştirak ediblər.

Qarşılıqlı əlaqələr güclənir...

Qeyd edilməlidir ki, iki ölkə arasında müdafiə sahəsində institusional tərəfdaşlıq mövcuddur. Bu əməkdaşlıq fərqli istiqamətlər üzrə inkişaf etdirilir. Müdafiə strukturları arasında mütəmadi keçirilən dialoqlar hər iki ölkənin təhlükəsizlik gündəliyini uzlaşdırmaq baxımından mühüm platforma yaradır. Bu dialoqlar çərçivəsində müdafiə planlaşdırılması, ordunun idarə olunması, hərbi təhsil, kadr hazırlığı kimi mövzular üzrə təcrübə mübadiləsi həyata keçirilir. Əlaqələr ildən-ilə daha da möhkəmlənir. Bu ilin oktyabrında Azərbaycan və Böyük Britaniya müdafiə nazirlikləri arasında 2026/27-ci illər üçün İkitərəfli (Bilateral) Əməkdaşlıq Planı imzalanıb. Artıq uzhun illərdir ki, bu formatda hərbi əməkdaşlıq planları həyata keçirilir. Bundan başqa, iki ölkənin müdafiə nazirlikləri arasında hərbi-əməkdaşlığın cari vəziyyətini, perspektivlərini, sülhməramlı əməliyyatlar, minaların təmizlənməsi və digər sahələri müzakirə etmək üçün vacib platformalar mövcuddur.

2021-ci ildə Azərbaycanın Müdafiə Nazirliyi rəhbərliyi və Britaniya səfiri arasında təhlükəsizlik, müdafiə-texniki əməkdaşlıq, hərbi təhsil və təlim kurslarının genişləndirilməsi haqqında danışıqlar aparılıb.  Bu, iki ölkənin müdafiə strukturları arasında bağlanmış müqavilə/razılaşmalar və əməkdaşlıq çərçivəsində inkişaf etdirilir.

Paralel olaraq Britaniyanın Azərbaycandakı müdafiə attaşeliyi fəaliyyətə başlayıb ki, bu da iki ölkənin qarşılıqlı hərbi-diplmatik və koordinator mexanizmi qurduğunu göstərir.

Minatəmizləmə sahəsində əməkdaşlıq...

İki ölkə arasında müdffiə və təhlükəsizlik predmeti üzrə mühüm əlaqələrdən biri də minaların təmizlənməsi istiqamətindədir. Qeyd edək ki, 2021-ci ildə Böyük Britaniya 500 000 funt sterlinq ayraraq işğaldan azad edilmiş ərazilərdə mina təmizləməsinə yardım göstərib. Eyni zamanda, 2022-ci ilin iyununda da bu istiqamətdə əlavə 500 000 funt sterlinq ayrılıb. Bu vəsaitlər insan həyatı üçün təhlükəli olan minaların təmizlənməsi, sahə monitorinqi, mütəxəssis hazırlığı və texniki-təşkilati dəstəyi təmin etməyə yönəldilib.

2025-ci ilin aprelində ANAMA ilə MAG (Böyük Britaniyanın minatəmizləmə QHT-si) arasında memorandum imzalanıb. Bu memorandum çərçivəsində MAG-in Azərbaycan üçün “sahə supervayzerləri” hazırlamaq üzrə təlimlər keçirməsi, həmçinin minatəmizləmə prosesinə məsləhət xidmətləri təqdim etməsi nəzərdə tutulub. Bu, birbaşa Azərbaycanda azad edilmiş ərazilərdə beynəlxalq, QHT əsaslı dəstək mexanizminin yaradılması deməkdir. Bu əməkdaşlıq ANAMA-nın milli potenisalını gücləndirməyə, beynəlxalq standartlara uyğun minatəmizləmə bacarıqları formalaşdırmağa hesablanıb.

Eyni zamanda, 2023-2025-ci illərdə ANAMA rəhbərliyi Britaniyanın Azərbaycandakı səfiri ilə bir neçə görüş keçirib. Bu görüşlərdə humanitar minatəmizləmə əməliyyatları, beynəlxalq təşkilatların iştirakı və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Beləliklə, əlaqələr sadəcə maliyyə yardımından ibarət olmayıb - rəsmi, uzunmüddətli əməkdaşlıq platforması da formalaşdırılıb.

Birləşmiş Krallığın parlamentində də bu məsələ gündəmə gətirilib: Azərbaycanın rəsmi nümayəndələri və ANAMA nümayəndələrinin iştirakı ilə “Mina Fəaliyyəti və Mina Qurbanlarına Yardım” mövzulu tədbir keçirilib. Britaniya tərəfi Azərbaycan nümunəsini minalardan təmizləmə təcrübəsində dünya üçün  nümunə göstərib. Vurğulanmalıdır ki, gələcəkdə bu əməkdaşlığın genişləndiriləcəyi, minatəmizləmə ilə bərabər bərpa, infrastruktur, icmaların yenidən qurulması kimi sahələrdə Britaniyanın rolunun artacağı da proqnozlaşdırılır. Bu baxımdan, bölgənin sülh və təhlükəsizliklə bərpası üçün Britaniyanın dəstəyi strateji əhəmiyyət daşıyır. Çünki Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq standart təhlükəsizlik dialoqu deyil, qarşılıqlı strateji maraqlara söykənən uzunmüddətli tərəfdaşlıq modelidir. Bu əməkdaşlıq regional sabitlik, enerji təhlükəsizliyi, dəniz müdafiəsi, kadr hazırlığı, terrorizmə qarşı mübarizə və post-konflikt mərhələsinin idarə olunması istiqamətlərində əsas rol oynayır.

P.İSMAYILOV

Seçilən
98
yeniazerbaycan.com

1Mənbələr