Keçən illərlə müqayisədə yenitikililərdə çıxarış alınması müşkülə çevrilib. Ekspertlər bunu həm qaydaların mürəkkəbliyi, həm də MTK-ların bu prosesdə maraqlı olmaması ilə əlaqələndirirlər.
Son dövrlər yeni tikililərdə yerləşən mənzillərə çıxarışların verilməsi prosesi sanki tormozlanıb. Hazırda yüzlərlə sakin aldığı mənzil üçün rəsmi sənədini gözləyir. Halbuki bir neçə il əvvəl hökumətin müdaxiləsi nəticəsində bu proses sürətlənmiş və yenitikililərdəki minlərlə mənzil sürətlə qeydiyyata alınaraq sakinlərə çıxarış verilmişdi. İndi isə vəziyyət tam əksinədir və sakinlər səbəbləri aydın olmayan bu gecikmənin narahatlığını yaşayırlar.
Maraqlıdır, proses niyə zəifləyib? Səbəblər nədən ibarətdir?
Rəqəmlər nə deyir?
Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 300 073 daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Rəqəmləri 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisə etsək görərik ki, çıxarışların sayı həmin dövrdə 306 456 olub.
Statistikadan görünür ki, 2025-ci ilin göstəricisi 2024-cü ilə nisbətən aşağıdır və bu da çıxarışların verilməsində müəyyən yavaşlamaya işarə edir. Maraqlıdır ki, 2023-cü ildə ölkədə əmlakın dövlət qeydiyyatı sahəsində müsbət dinamika müşahidə olunub. Həmin ilin yanvar-oktyabr aylarında 406 180 mülkiyyət hüququ qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 38,1 faiz çoxdur.