AZ

İsveç səfiri: Qəhvə İsveç mədəniyyətində özünəməxsus yer tutur

Bakı, 6 dekabr, Günel Alıyeva, AZƏRTAC

Qəhvə İsveç mədəniyyətində xüsusi yer tutur. İsveçdə qəhvə gündəlik həyatın vacib hissəsidir. Biz dünyada adambaşına ən çox qəhvə istehlak edən ölkələrdən biriyik. Bizim çox özünəməxsus bir ənənəmiz də var - fika. Bu söz qəhvənin qədim adından yaranıb və insanların bir araya gəlib qəhvə içdiyi, şirniyyat yediyi, söhbət etdiyi, işdən uzaqlaşıb dincəldiyi və yaxınları, həmkarları ilə səmimi, rahat atmosferdə vaxt keçirdiyi anı ifadə edir. Fika İsveç cəmiyyəti üçün həm sosial, həm də mədəni baxımdan böyük əhəmiyyət daşıyır.

Bunu AZƏRTAC-a müsahibəsində İsveçin Azərbaycan Respublikasındakı səfiri Tobias Lorentson bildirib.

Diplomatın sözlərinə görə, İsveçin iqlimi qəhvə yetişdirilməsi üçün əlverişli olmadığına görə ölkədə qəhvə becərilmir. Lakin İsveçdə qəhvəni özləri qovuran çoxlu yerli şirkət fəaliyyət göstərir.

“İsveçdə açıq, orta və tünd qovrulmuş qəhvə növləri geniş yayılsa da, isveçlilərin əksəriyyəti orta qovrulmuş qəhvəni üstün tuturlar. Bu seçim müəyyən mənada isveçlilərə xas olan balanslı yanaşmanı - hər şeydə daha ölçülü, orta variantı seçmək vərdişini əks etdirir”, - deyə səfir vurğulayıb.

T. Lorentson qeyd edib ki, İsveç qəhvəsini digər ölkələrin qəhvəsindən fərqləndirən əsas xüsusiyyət məhz qovurma üsuludur.

“Şəxsən mən tünd qovrulmuş qəhvəni sevirəm, çünki bu cür qəhvədə qozabənzər dad və bir qədər yanmış, karamelizə olunmuş notlar daha yaxşı hiss olunur. Əlbəttə, zövq çox fərdi məsələdir və İsveçdə hər zövqə uyğun geniş çeşiddə qəhvə növləri mövcuddur”, - deyə diplomat əlavə edib.

Seçilən
114
2
azertag.az

3Mənbələr