AZ

Göyçayda bələdiyyə sədri ondan şikayətçi olan kənd sakinini cəzalandırdı

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Göyçay rayonunun Qaraməryəm kənd bələdiyyəsinin sədri Fəqan Şamilov sosial mediada ondan şikayətlənən kənd sakininin cinayət məsuliyyətinə cəlb edilməsinə nail olub.

Bizimyol.info xəbər verir ki, bələdiyyə sədrinin qaldırdığı iddia əsasında Göyçay Rayon Məhkəməsi həmin kənd sakininin haqqında ittiham hökmü çıxarıb.

Fəqan Şamilov iddia edir ki, “Facebook” sosial şəbəkəsində kənd sakini onun haqqında şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna zərbə vuran məlumatlar yayıb. Sosial mediada yayılan videoda o, icarə haqlarını mənimsəməkdə və başqa qanunsuz əməllərdə ittiham olunduğunu deyən Fəqan Şamilov Qaraməryəm kənd sakininin Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri əsasında cəzalandırılmasını istəyib. Tələb edib ki, bu maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum edilsin.

Kənd sakini isə əksinə, bildirib ki, Fəqan Şamilov haqqında böhtan və təhqir xarakterli fikirlər səsləndirməyib: “Fəqan Şamilov bələdiyyə sədri olduğu müddətdə xeyli miqdarda vəsaiti mənimsədiyi məhkəmə qərarı ilə sübut olunub. Onun ölkədən çıxışına qadağa qoyulub. Kənd sakinlərindən bir neçə şahid gətirə bilərəm ki, Fəqan Şamilovun onlara qarşı etdiyi qanunsuz hərəkətləri təsdiqləyə bilərlər. Təhqir məsələsinə gəlincə, videoda Fəqan Şamilova qarşı heç bir nalayiq ifadə işlətməmişəm. Onun haqqında etik çərçivəyə sığmayan sözlər deyib aşağılamamışam, ona qarşı alçaldıcı hərəkətlər etməmişəm. Əksinə onun özbaşınalığını, vəzifəsindən sui-istifadə edərək kənd sakinlərinə qarşı qanunsuz hərəkətlərini dilə gətirmişəm”.

O, əlavə edib ki, həmin video müraciət vasitəsilə Prezident və Birinci Vitse-Prezidentə müraciət edərək, vəzifəsindən sui-istifadə edən məmurlar barəsində qanuni ölçü götürülməsini xahiş edib.

Göyçay Rayon Məhkəməsi bələdiyyə sədrindən şikayətçi olan Qaraməryəm kənd sakinini Cinayət Məcəlləsinin 147.2 (böhtan) maddəsi ilə təqsirsiz hesab edərək, ona bəraət verib. Lakin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ona 1200 manat cərimə cəzası verilib. Beləliklə, bələdiyyə sədrindən şikayətçi olan kənd sakininin özü məhkum edilib.

Aytən, Bizimyol.info 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
69
bizimyol.info

1Mənbələr