ain.az, Bizimyol portalına istinadən məlumat verir.
Bu gün Bakıda yağışın ardından şəhərin bir çox küçə və prospektlərində nəqliyyatın hərəkəti iflic oldu. Yaranan mənzərə bir daha göstərdi ki, paytaxtın yağış və suların axıdılması infrastrukturunda ciddi problemlər mövcuddur. Əslində, Bakıda “iki damcı yağış yağdı, yollar batdı” ifadəsi artıq bir zarafatdan çox reallığa çevrilib. Şəhərin müxtəlif nöqtələrində su yığılması, tıxacların yaranması, ictimai nəqliyyatın gecikməsi və piyadaların çətinliklə hərəkət etməsi hər yağışlı gündə təkrarlanan mənzərədir.
Paytaxtın bir çox hissələrində mövcud kollektorların illərlə yenilənməməsi suların normal şəkildə axmasını əngəlləyir. Bəzi ərazilərdə isə ümumiyyətlə müasir standartlara uyğun sistem yoxdur.
Son onillikdə şəhərdə tikinti və əhali artımı sürətlə gedib, lakin mühəndis-kommunikasiya sistemlərinin yenilənməsi eyni templə davam etməyib. Bundan əlavə, bir çox küçə və prospektdə yol səthi və səviyyə fərqləri suyun axınına mane olur, nəticədə yağış suyu yollarda gölməçələr şəklində toplanır.
Yağışdan sonra yaranan tıxaclar həm vaxt itkisinə, həm də iqtisadi itkilərə səbəb olur. Sürücülər əlavə yanacaq sərf edir, xidmət sahələrində gecikmələr yaranır, ictimai nəqliyyat yüklənir. Piyadalar üçün isə təhlükəli vəziyyət yaranır.
Bu gün Bakı küçələrində iki damcı yağışdan sonra yaranan vəziyyət artıq gözlənilməz hadisə deyil, xroniki problemə çevrilib. Sürətli həllər yox, sistemli yanaşma tələb olunur. Paytaxtın müasir şəhər statusuna uyğun yağış-kanalizasiya infrastrukturu qurulmadıqca, bu mənzərə hər yağışdan sonra yenidən təkrarlanacaq.
Leyla Mirzə, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.