Mənbələrə görə, Xalid əl-Məsud illərlə İŞİD daxilində casusluq edib və onun ölümü koalisiya ilə Dəməşq arasında koordinasiya çatışmazlığını üzə çıxarıb...
Poliqon xəbər verir ki, Al Arabiya ABŞ-ın ötən ilin oktyabrında Suriyada həyata keçirdiyi hava zərbəsi ilə bağlı yeni iddialar yayıb. Nəşrin məlumatına görə, zərbə nəticəsində öldürülən Xalid əl-Məsud əslində İŞİD üzvü deyilmiş. O, Suriyanın hazırkı prezidenti Əl-Şəranın başçılıq etdiyi silahlı qrupların tapşırığı ilə illərlə İŞİD daxilində casusluq edən gizli agent olub.
Mənbə bildirir ki, nə ABŞ rəsmiləri, nə də Dəməşq Xalid əl-Məsudun ölümü barədə rəsmi açıqlama verməyib. Bu isə tərəflərin münasibətlərin yaxşılaşmasına mane ola biləcək məlumatların ictimailəşməsini istəmədiklərini göstərir. ABŞ ordusu həmin əməliyyatı “İŞİD döyüşçüsünün zərərsizləşdirilməsi” kimi təqdim etmişdi, lakin Al Arabiya bunun yanlış identifikasiya nəticəsində baş verdiyini yazır.
Nyu-Yorkdakı Sufan Mərkəzinin baş elmi əməkdaşı isə bildirib ki, gizli agentin yanlışlıqla hədəf alınması “İŞİD-lə mübarizədə ciddi uğursuzluq” hesab edilməlidir. Onun sözlərinə görə, bu hadisə ABŞ koalisiyası ilə Suriya hökuməti arasında koordinasiyanın qeyri-kafi olduğunu bir daha ortaya qoyur.
Ekspertlər hesab edirlər ki, agentin öldürülməsi həm Suriyanın daxili təhlükəsizlik şəbəkəsi, həm də beynəlxalq anti-terror əməkdaşlığı üçün ciddi zərbə ola bilər. Əl-Məsudun fəaliyyəti, Al Arabiya-nın məlumatına görə, Suriyada bir çox terror hücumlarının qarşısının alınmasında mühüm rol oynayıb.
Hazırda tərəflərdən heç biri hadisəni rəsmi şəkildə təsdiqləmir və ya təkzib etmir. Analitiklər bunun həm Vaşinqton, həm də Dəməşq üçün həssas siyasi məsələ olduğuna diqqət çəkirlər.
Poliqon.info