AZ

Şamaxı əhalisi Bakıya üz tutmayacaq: İxtisaslı həkimlər bölgəyə ezam olunacaq

Şamaxı, 5 dekabr, Rəşad Türkoğlu, AZƏRTAC

Şamaxıda region səhiyyəsinin inkişafı istiqamətində mühüm addım atılıb. Belə ki, ilk dəfə olaraq Şamaxı Mərkəzi Rayon Xəstəxanası ilə Respublika Klinik Xəstəxanası arasında qarşılıqlı əməkdaşlığı nəzərdə tutan Memorandum imzalanıb. Sənəd regionda tibbi xidmətlərin mövcud vəziyyətinin yaxşılaşdırılması, xüsusilə də dar ixtisaslı həkim çatışmazlığının aradan qaldırılması baxımından böyük əhəmiyyət daşıyır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Memoranduma əsasən, Respublika Klinik Xəstəxanasının yüksək ixtisaslı həkimləri mütəmadi şəkildə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına ezam ediləcək. Bu proses həm tibbi xidmətlərin əlçatanlığını artıracaq, həm də yerli tibb personalının peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsinə şərait yaradacaq.

Layihə Şamaxı Rayon İcra Hakimiyyəti, Həkimlər İttifaqı Konfederasiyası və digər tərəfdaş qurumların dəstəyi ilə həyata keçirilir. Tədbirdə bildirilib ki, ölkənin müxtəlif bölgələrində aparılan tibbi islahatlar çərçivəsində bu cür əməkdaşlıq mexanizmləri regional səhiyyənin inkişafında mühüm rol oynayır.

Bildirilib ki, Memorandumun imzalanması Şamaxı və ətraf rayonlarda yaşayan əhali üçün əhəmiyyətli nailiyyətdir. Çünki ixtisaslı həkimlərin bölgəyə ezamı sayəsində vətəndaşlar paytaxta üz tutmadan keyfiyyətli tibbi xidmət almaq imkanı qazanacaqlar. Bu isə həm xəstələrin vaxt itkisini azaldacaq, həm də bölgədə tibbi infrastrukturun daha səmərəli istifadəsinə şərait yaradacaq.

Qeyd olunub ki, layihə gələcəkdə daha geniş formatda tətbiq edilə bilər və əldə olunacaq nəticələr əsasında oxşar əməkdaşlıq modellərinin digər regionlarda da reallaşdırılması nəzərdə tutulur. Bu, ümumilikdə ölkənin regionlarında tibbi xidmətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Memorandum çərçivəsində yaxın günlərdə Şamaxıya ilk ixtisaslı həkim komandalarının ezam olunacağı gözlənilir.

Seçilən
53
1
azertag.az

2Mənbələr