AZ

"Facebook" və "TikTok"un Azərbaycanda rəsmi nümayəndəlikləri yaradıla bilər -AÇIQLAMA

Azərbaycanda “Facebook”, “TikTok” və digər sosial media platformalarından geniş istifadə olunur. Xüsusilə jurnalistlər arasında “Facebook” əsas informasiya mübadiləsi və xəbər paylaşım vasitələrindən biri hesab edilir. Lakin son zamanlar bir sıra xoşagəlməz hallar yaşanır. Məsələn, jurnalist feysbukda "Baş nazir həkimlərin maaaşı ilə bağlı qərar imzaladı" başlığı və Nazirlər Kabinetinin fotosu ilə bir xəbər paylaşır və platforma onun profilinə paylaşıma və şərh yazmağa məhdudiyyətlər qoyur. Səbəb kimi guya təhqir, zorakılıq, cinsi istismar və ya digər qayda pozuntularını göstərir. Hesabın bərpası isə müəyyən vaxt tələb edir və iş prosesini ləngidir. Platforma üzərindən edilən şikayət isə nəticə vermir.

Bu problemlər fonunda belə bir sual meydana çıxır: Azərbaycanda vətəndaşların rahat müraciəti üçün “Facebook” və "TikTok" kimi platformaların rəsmi nümayəndəliyinin yaradılması mümkündürmü?

Mövzu ilə bağlı Redaktor.az informasiya texnologiyaları üzrə ekspert Natiq Məmişovun fikirlərini öyrəndi.

Onun fikrincə, nəzəri olaraq baxsaq, "Facebook" və "TikTok" kimi beynəlxalq sosial media platformalarının Azərbaycanda rəsmi nümayəndəlikləri yaradıla bilər:

"Amma bu, bir neçə amildən asılıdır. İlk amil qanunvericilik və rəqəmsal tənzimləmədir. Hökumət tərəfindən rəqəmsal tənzimləmələrin gücləndirilməsi (məsələn, vergi tələbləri və məlumatların saxlanması ilə bağlı qanunlar) bu şirkətləri Azərbaycanda rəsmi nümayəndəlik açmağa məcbur edə bilər. Azərbaycanda "Facebook" və "TikTok" kimi platformaların fəaliyyətini tənzimləyən qanunlar (məsələn, məlumatların ölkə daxilində saxlanması, şəxsi məlumatların qorunması) artıq mövcuddur və bu tələblər onların fəaliyyətinə təsir edir".

Mütəxəssis qeyd etdi ki, platformaların istəyini anlamaq digər bir nüansdır:

""Facebook" və "TikTok" kimi böyük platformalar, adətən, yerli bazarları daha yaxşı başa düşmək və yerli istifadəçilərlə daha səmərəli əlaqə qurmaq üçün rəsmi nümayəndəliklər açmağa meyillidirlər. Bu cür nümayəndəliklər həmçinin reklam gəlirlərinin daha effektiv idarə edilməsi və hüquqi problemlərin həlli məqsədilə vacibdir. Yəni şirkətlərin mütləq bunu etməkdə marağı olmalıdır.

İqtisadi və hüquqi əsaslar da önəmli faktordur. Rəsmi nümayəndəlik açılması üçün iqtisadi maraqlar mövcuddur: məsələn, vergi ödənişləri, reklam bazarına yaxınlıq, yerli işə götürmə və s. Hüquqi məsələlər də böyük əhəmiyyət kəsb edir. Azərbaycanın qanunvericiliyi və beynəlxalq hüquq çərçivəsində bu şirkətlər yerli qanunlara uyğun fəaliyyət göstərmək üçün nümayəndəlik açmalıdır, amma qanunlar da onların normal çalışmasına uyğun olmalıdır. Bu proses yerli hökumətlə bu şirkətlərin əlaqələri və müzakirələri əsasında həyata keçə bilər. Məsələn, sosial media şirkətləri ilə yerli dövlət orqanları arasında davamlı müzakirələr, ölkə qanunlarının platformalara uyğunlaşması və ölkəyə uyğun şərtlərlə fəaliyyət göstərməsi üçün müqavilələr tərtib edilə bilər və s. Bu isə uzun bir prosesdir".

Aytəkin TOFİQQIZI

Seçilən
54
2
redaktor.az

3Mənbələr