AZ

Aİ Ermənistan strateji sənədi Azərbaycanla sülh prosesinə zərər vurur “Bunlar sadəcə texniki cümlələr deyil...”

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

“Avropa İttifaqı (Aİ) və Ermənistan arasında imzalanmış strateji sənəd proqram xarakteri daşıyır və ümumilikdə 64 səhifədən ibarətdir. Sənəddə Ermənistanın Aİ ilə siyasi qarşılıqlı fəaliyyət, iqtisadiyyat, demokratiyanın inkişafı və digər sahələr üzrə strateji gündəliyi öz əksini tapıb”.

“AzPolitika” bildirir ki, bunları politoloq Fərhad Məmmədov sözügedən sənədi şərh edərkən yazıb.

F.Məmmədov deyib ki, sənəddə CEPA+ – yeni ticarət müqaviləsi yoxdur, həmçinin Ermənistanın gələcəkdə Aİ-yə üzvlüyü ilə bağlı da heç bir fikir yer almır. Bu sənəd sadəcə hazırda mövcud olan fəaliyyətlərin və planlaşdırılan addımların sistemləşdirilmiş siyahısıdır. Politoloq sənədi “Aİ-dən Ermənistana maksimal siyasi dəstək paketi” kimi xarakterizə edib.

Politoloq vurğulayıb ki, sənəddə Azərbaycan 5 dəfə xatırlanır və bunun iki dəfə sülh gündəliyi çərçivəsində olması normaldır. Lakin o, giriş və nəticə bölmələrində yer alan bir sıra məqamları “qəbulolunmaz və aydınlaşdırılmağa ehtiyacı olan” ifadələr kimi qiymətləndirib.

Fərhad Məmmədov diqqətə çatdırıb ki, sənədin “Giriş” hissəsində belə yazılıb: “Xüsusi diqqət həmçinin Azərbaycanın hərbi əməliyyatından sonra köçürülmüş Qarabağ ermənilərinin ehtiyaclarına və onların sosial-iqtisadi inteqrasiyasına ayrılacaq”. Eyni məzmunda fikir sənədin “Nəticə” hissəsində də təkrar olunur.

O qeyd edib ki, bu, artıq Qarabağ ermənilərinin Ermənistana köçünün siyasi qiymətləndirilməsidir. Politoloqun sözlərinə görə, sənəddə köçün gerçək səbəbi, yəni Qarabağdakı erməni əhalinin idarə edilməsinin və onların çıxışının Ermənistan tərəfindən təşkil olunması ümumiyyətlə qeyd olunmur.

F.Məmmədov deyib ki, Aİ hələ də Qarabağ ermənilərini “köçkün”, yoxsa “qaçqın” adlandırmaqda qərarsızdır. O bildirib: “Avropalı diplomatlar özlərinə sual vermirlər: niyə belə oldu və bu termin niyə qeyri-müəyyəndir?”

Politoloq əlavə edib ki, Aİ Azərbaycanın mövqeyini – yəni Qarabağda Ermənistan silahlı birləşmələrinin qalıqlarının qalmasının qəbuledilməzliyini çox yaxşı bilir, lakin sənəddə buna heç bir istinad yoxdur. Onun fikrincə, sənəddə hadisələr sadəcə bir-birinə bağlanıb və kontekstdən çıxarılaraq tarixə salınıb.

F.Məmmədov deyib: “Elə bu yanaşmaya görə Azərbaycan da Aİ–Azərbaycan sənədində Aİ-nin Ermənistandan qovulmuş qərbi azərbaycanlılara yardım şərtini yazmağı təklif edə bilər. Amma Aİ buna heç vaxt razı olmayacaq.”

Politoloq daha bir məqamı qeyd edib - sənədin 31-ci səhifəsində Aİ-nin “erməni məhbusların və digər saxlanılan şəxslərin azad olunması üçün səylər göstərəcəyi” bildirilir. Sənəddə konkret olaraq hansı məhbuslardan söhbət getdiyi açıqlanmır və Aİ-nin bu öhdəliyi niyə öz üzərinə götürdüyü də anlaşılmır.

F.Məmmədov sənədin “Regionda münasibətlərin normallaşdırılması” bölməsində yer alan aşağıdakı fikrə də toxunub: “Bütün müvafiq Beynəlxalq Məhkəmə qərarlarının tam, dərhal və effektiv icrasının dəstəklənməsi.” 

Politoloq bildirib ki, bu da qeyri-müəyyəndir:

“Əgər konkret bir məhkəmə qərarından danışırsınızsa, bunu açıq yazın. Yoxsa bu yanaşma Aİ–Ermənistan tərəfdaşlığının məqsədi barədə suallar yaradır”. 

O əlavə edib ki, bütün bu yanaşmalar sülh gündəliyinə zərər vurur və etimadı azaldır: “Bunlar sadəcə texniki cümlələr deyil, siyasi mövqedir və sülhə xidmət etmir”.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
61
azpolitika.info

1Mənbələr