AZ

Yağışlı havada sürücülər nələrə diqqət eməlidir? - Usradan AÇIQLAMA

Ölkədə yağışlı hava şəraitinin davam etməsi yol hərəkəti təhlükəsizliyini birbaşa təsir altında saxlayır. 

Bəs sürücülər yağışlı havada avtomobil sürərkən nələrə diqqət etməlidirlər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən avtomobil ustası Əziz Abbasov bildirdi ki, yağışlı hava şəraiti zamanı avtomobillərin şüşələrinin buxarlanması ən çox rast gəlinən problemlərdən biridir. Onun sözlərinə görə, bu, görmə məhdudiyyəti yaradır və qəza riskini ciddi şəkildə artırır:

"Buna görə də havalandırma sistemindən düzgün istifadə etmək və buxarlanmanın qarşısını alacaq tədbirləri görmək vacibdir. Təkərlərin protektor dərinliyi yağışlı havalarda mühüm rol oynayır. Protektorun köhnəlməsi su yığılmış yollarda avtomobilin sürüşməsinə, idarəetmədən çıxmasına səbəb ola bilər. Yağışda sürət mütləq azaldılmalı, kəskin manevrlərdən və qəfil əyləcdən uzaq durulmalıdır. Bu həm nəqliyyat vasitəsinin stabilliyini qoruyur, həm də sürüşmə ehtimalını minimuma endirir. Sürücülərin diqqət etməli olduğu digər məqam isə şüşəsilənlərin vəziyyətidir. Çəndə kifayət qədər su ehtiyatının olması və rezinlərin normal işləməsi yağışlı hava şəraitində təhlükəsiz idarəetmənin əsas şərtlərindən sayılır. Yağışlı havalarda yollarda yığılmış su işıq əksolunmasına səbəb olduğundan uzaq işıqlardan ehtiyatla istifadə edilməlidir. Qarşıdan gələn avtomobillərin sürücülərinin gözünü almamaq üçün işıq rejiminə düzgün əməl olunması vacibdir. Yağışlı havalarda yolun sürüşkənliyi səbəbindən əyləc yolu uzanır. Buna görə də sürücülər adi havalardan fərqli olaraq ara məsafəsini ən az iki dəfə çoxaltmalıdır".

Nuriyyə NATİQQIZI

Seçilən
111
1
redaktor.az

2Mənbələr