Ekologiya.az bildirir ki, ərazisinə görə Azərbaycanın ən böyük milli parkı olan Şahdağ Milli Parkı Quba, Qusar, Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının ərazilərini əhatə edir. Milli park dağ şəlalələri, füsunkar gölləri, zəngin biomüxtəlifliyə malik meşələri, bol sulu çay və bulaqları, həmçinin bölgənin tarixi-mədəni irsini əks etdirən məkanları ilə fərqlənir.
Milli Parkın ərazisində nadir növlərin - nəcib maralın və zubrun qorunması istiqamətində mühüm fəaliyyətlər həyata keçirilir. Sözügedən tədbirlər populyasiyaların bərpasına, genetik müxtəlifliyin qorunmasına və ekosistemlərin tarazlığının təmin edilməsinə xidmət edir.
Milli parkın rəngarəng çalarlara bürünən meşə ərazisində təbiətdən zövq almaq, parkın daimi sakinləri olan zubr və maralları görmək istəyən hər kəsi Şahdağ Milli parkına dəvət edirik.
Qeyd edək ki, milli parkın yaradılmasında əsas məqsəd təbiət komplekslərini, nadir və etalon təbiət ərazilərini, tarixi mədəniyyət obyektlərini qoruyub saxlamaq, turizm və rekreasiya üçün əlverişli şərait yaratmaq, elmi əsaslara söykənən mühafizə və ekoloji maarifçilik fəaliyyətlərini həyata keçirmək, əhali arasında ekoloji bilikləri artırmaq və ekoloji monitorinqi təmin etməkdir.