AZ

Oğuzhan Hasipoğlu: Azərbaycanın sosial təminat təcrübəsi bütün Türk dünyası üçün önəmlidir

Bakı, 5 dekabr, Göyçək Mahmudlu, Nicat Haşımov, AZƏRTAC

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin iclası ilk dəfə keçirilir. Təşəbbüs göstərdikləri və bu ilk görüşü keçirdikləri üçün Azərbaycan hökumətinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkürümü bildirirəm. Bu, əhəmiyyətli bir təşəbbüsdür. Bugünkü tədbir Azərbaycan hökumətinin işçilərə və zəhmətkeşlərə verdiyi dəyəri nümayiş etdirir.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Şimali Kipr Türk Respublikasının (ŞKTR) əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu deyib. "İnsanlar doğulur, yaşayır və ölür. Lakin sosial təminat və sosial zəmanətlər həmişə dəyişməz qalmalıdır. Əmək nazirləri olaraq vətəndaşlarımız üçün bu zəmanəti təmin etməyə borcluyuq. Bu gün TDT-də xalqlarımız üçün belə bir birliyi nümayiş etdirdik. Onların hüquqlarını qorumaq üçün Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının Bəyannaməsini imzaladıq. Bununla da həm TDT daxilində birliyi və bütövlüyü, həm də işçilərimizə, iş səmərəliliyimizə, zəhmətkeşlərimizə verdiyimiz dəyəri nümayiş etdirdik. Biz öz vətəndaşlarımızın iş həyatını prioritetləşdirməliyik. Əvvəlcə öz işçi qüvvəmizi qorumalıyıq. Əlbəttə ki, müəyyən sektorlarda işləmək üçün işçi qüvvəsi tapa bilməsək, digər ölkələrdən olan vətəndaşları da qəbul etməliyik. Onların gəlişini, yaşayış icazəsini və iş həyatlarını asanlaşdırmaq üçün çalışırıq. Ölkəmizdə təhsil alan və işləyən çoxlu sayda Azərbaycan vətəndaşı var. Eləcə də Qazaxıstan, Qırğızıstan və Özbəkistandan da işləmək üçün gələnlər var. Onların həyatını daha da asanlaşdırmaq bizim vəzifəmizdir. Eyni zamanda, ölkəmizdən təhsil almaq, işləmək üçün digər türk dövlətlərinə gedən vətəndaşlarımızın həyatını asanlaşdırmaq və işçi qüvvəsində birlik və harmoniya yaratmaq bizim vəzifəmizdir. Buna görə də bugünkü iclasla bu addımı atmış oluruq. Növbəti görüş gələn il Türkiyə Respublikasının ev sahibliyi ilə keçiriləcək. Onun da qərarı bu gün verildi".

AZƏRTAC-ın müxbirinin “TDT-yə üzv dövlətlər sosial müdafiə sahəsində ortaq bir qərara gələ bilərmi” sualına “Niyə də olmasın” cavabını verən nazir bildirib: "Məsələn, əgər Azərbaycanda işləyən bir şəxs müəyyən müddət sığorta haqqı ödəyirsə və sonra müəyyən bir müddət Şimali Kipr Türk Respublikasında işləməyə davam edirsə və ya əksinə, sığorta haqlarını birləşdirərək ona təqaüd hüququ yaradılmasını vacib ideya hesab edirəm. Artıq buna doğru irəliləyəcəyik. İnanıram ki, türk dövlətlərində iş həyatında birliyə nail olacağıq.

İclas çərçivəsində Azərbaycanın DOST mərkəzlərini fəaliyyəti ilə də tanışlıq şansımız olacaq. Xüsusilə də Azərbaycanın iş həyatında təcrübəsindən faydalanacağıq. Sizin ailə həyatında qadınlara, uşaqlara və əlilliyi olan vətəndaşlara verdiyiniz dəyər göz qabağındadır. Əlbəttə ki, sizin təcrübələrinizdən də yararlanacağıq. Bizim DOST mərkəzləri ilə oxşar təcrübələrimiz var. Sizin təcrübələrinizi də görəcəyik. Bir-birimizdə çatışmazlıqları müəyyənləşdirib onları tamamlayacağıq".

 

Seçilən
202
1
azertag.az

2Mənbələr