
Müşfiqabad qəsəbə sakinləri artıq 20 gündür istilik problemi ilə üzləşiblər. Onların sözlərinə görə, qış mövsümü başladıqdan bəri mənzillərə, idarələrə və uşaq bağçalarına istilik verilmir.
Sakinlər “Qafqazinfo”ya müraciətlərində bildiriblər ki, yalnız öz qazanxanası olan məktəblərdə istilik sistemi işləyir:
“Müşfiqabad qəsəbəsinə bu il qış mövsümü başlayandan bəri istilik verilməyib. Mənzillərdə, idarələrdə, uşaq bağçalarında soyuqdan donuruq. Uşaqlarımız 67 saylı bağçaya gedirlər, bağça binası buz kimidir”.
Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-yə sorğu ünvanlanıb. Qurumdan bildirilib ki, problem onların səlahiyyətində olan qazanxananı qazla təmin edən xəttin zədələnməsi ilə bağlıdır:
“Müşfiqabad qəsəbəsində “Azəristiliktəchizat” ASC-yə məxsus qazanxananı qazla təmin edən “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz xətləri naməlum şəxslər tərəfindən kəsilib və yararsız vəziyyətə salınıb. Hazırda həmin qaz xəttinin bərpası istiqamətində işlər aparılır”.
Qurum problemin aradan qaldırılması üçün işlərin davam etdirildiyini bildirib.