Tbilisi, 5 dekabr, AZƏRTAC
Gürcüstanda xeyli sayda azərbaycanlı yaşayır və onlar həm öz ana dillərini, həm də dövlət dili olan gürcü dilini öyrənməlidirlər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev söylyib. Nazir deyib: “Burada xeyli sayda azərbaycanlı yaşayır. Onlar Gürcüstan vətəndaşları olduqları üçün gürcü dilini öyrənməlidirlər. Təbii ki, özlərinin ana dili olan Azərbaycan dilini dil qaydalarına uyğun olaraq öyrənməlidirlər. Sadəcə olaraq bu və digər dildə ali təhsil almaq imkanları məhdud olmamalıdır. Ona görə də düşünürəm ki, bu, çox vacib məsələdir”.
O, bildirib ki, soydaşlarımızın Gürcüstan universitetlərində təhsil alması istiqamətində “1 plus 4” (1+4) proqramının müsbət rolu olub. Amma eyni zamanda, həmin vətəndaşların müxtəlif dillərdə təhsil alması, eləcə də ali təhsil müəssisələrinə qəbul əldə etməsi üçün imkanları genişlənməlidir. “Ola bilər ki, bunlar birgə dil proqramlarıdır, amma istənilən halda mənə görə əsas məqam ümumi təhsil dili ilə ali təhsil dili arasında düzgün uyğunluğu tapmaqdır. Bu, çox vacib məsələdir”, - deyə Əmrullayev vurğulayıb.
Nazir müsahibəsində, həmçinin vurğulayıb ki, Gürcüstanda yaşayan vətəndaşlar Azərbaycanda təhsil ala bilərlər: “Soydaşlarımıza bu istiqamətdə istər müəllimlik, istərsə də digər ixtisaslar üzrə xüsusi yanaşma olub. Amma biz istərdik ki, onların içərisində Azərbaycan dilinə maraq göstərən daha çox olsun. Çünki Azərbaycan dili müəllimi hazırlığını yalnız ölkəmizdə keyfiyyətli etmək daha asandır. Təbii ki, Azərbaycan dilinin tədrisi ilə bağlı daha çox iş görə bilərik. Bu istiqamətdə işlərimiz yəqin ki, daha intensiv olacaq”.
O deyib ki, Azərbaycan və Gürcüstan məktəblərində STEAM mərkəzinin qurulması ilə bağlı da müəyyən hazırlıqlar gedir. “Bu məqsədlə yeni gürcü məktəbində də olacağam. İki xalq arasında uzunmüddətli dostluq-qardaşlıq münasibətlərinin davam etməsi üçün gələcək nəsillər arasında da təbliğat aparılmalıdır. Düşünürəm ki, ünsiyyəti ən aşağı yaşlardan başlamaq lazımdır ki, əsrlər boyu aramızda olan bu dostluq münasibətləri davamlı olsun”, – deyə Emin Əmrullayev vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi