"Football-plus.az" xəbər verir ki, təcrübəli kamerunlu forvard Türkiyədə kifayət qədər tanınır. O, ''Beşiktaş''la iki dəfə (2016/17, 2020/21) çempion olub. Şənər Abubakardan ''qartal''ın 2021-ci ildəki sonuncu çempionluğu haqda fikirlər öyrənib. Maraqlı açıqlamalar verən 33 yaşlı futbolçu hazırda ''Beşiktaş''ı çalışdıran və həmin çempionluqda da klubun başında yer alan Sərgən Yalçına söz atıb:
''Beşiktaş'' fanatları futbolu çox sevirlər və titullara alışıblar. Mən orda oynadığım dönəmdə də çempionluqlar, titullar qazanmışdıq. Superkubokun qalibi olmuşduq. Ona görə də fanatların gözləntisi böyükdü. Son çempion olduğumuz mövsümü xatırlayın. Heyətdə böyük ulduzlar və ya astronomik maaş alan futbolçular yox idi. Amma biz birləşərək yaxşı bir komanda olmağı bacarmışdıq. Həmin çempionluğu məhz komanda ruhu sayəsində qazanmışdıq. Sərgən Yalçının yaxşı məşqçi olub-olmaması barədə heç nə deyə bilmərəm. O dönəmdə biz oyunçular yumruq kimi birləşdik və mübarizə apardıq. Həmin mövsüm çox böyük işlər görən və çempionluğu qazanan biz futbolçular olmuşduq! İndi də klubun başında eyni məşqçi var. Üstəlik indiki heyətdə bizim dönəmlə müqayisədə adlı-sanlı oyunçular çoxdu. Bacarırsa, indi də komandanı çempion etsin''.