Bakı, 5 dekabr, Günel Türksoy, AZƏRTAC
Bu gün saat 09:30-dan etibarən WUF13 Könüllülük Proqramına qeydiyyat prosesi başlanıb və prosesdən keçən 2 saat yarım müddətdə artıq 3000-dən çox könüllü olmaq istəyən namizəd qeydiyyatdan keçib. Bu, möhtəşəm bir nəticədir və biz gözləyirik ki, günün sonunda bu rəqəm 6000-dən çox olsun.
Bunu AZƏRTAC-a məxsusi açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Əməliyyat Şirkətinin İşçi qüvvəsi şöbəsinin rəhbəri Tural Hümbətov deyib.
T.Hümbətov qeyd edib ki, bu rəqəmlər gənclərin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına marağını göstərir: “Gənclərimiz hər zaman ölkədə keçirilən böyük layihələrin bir parçası olaraq inkişaf etmək və eyni zamanda, dövlətimizin apardığı siyasətə dəstək olmaq istəyirlər. Ümumiyyətlə, forumda 2 min 500 nəfər könüllünün iştirakı nəzərdə tutulub.
Müraciətlərin çox olması o deməkdir ki, müsahibə prosesləri olacaq. Dekabrın 15-dən gələn il fevralın 1-nə qədər davam edən müsahibə prosesində ümumilikdə 9-10 min nəfər könüllünün iştirakı nəzərdə tutulub.
WUF13-də könüllülər fərqli sahələrdə fəaliyyət göstərəcəklər. Forum zamanı WUF13 könüllüləri tədbirin iştirakçılarını qarşılayacaq, qeydiyyat və informasiya dəstəyi göstərəcək, müxtəlif sessiya və sərgilərdə təşkilati işlərə yardım edəcək, həmçinin mədəni proqramların keçirilməsində iştirak edəcəklər”, - deyə T.Hümbətov bildirib.