"Honkonq qripi" (H3N2 virusu) hal‑hazırda bir çox ölkədə yayılır. Türkiyədə bu virusa yoluxma halları artmaqda davam edir. Virus əsasən tənəffüs yollarını təsir edir və asanlıqla insanlardan insanlara keçə bilir. Bəs virusun Azərbaycanda yayılma ehtimalı varmı?
Mövzu ilə bağlı Missiya.Az-a danışan tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, epidemioloji vəziyyət xeyli dəyişib:
"Təəssüflə qeyd etmək lazımdır ki, COVID-19 virusundan ölüm halları hələ də davam edir. Pandemiya rəsmi olaraq sona çatmış olsa da, onun kiçik epidemik ocaqları mövcuddur", -deyə o qeyd edib.
A.Qeybulla vurğulayıb ki, bu ilin yanvar ayında Kanadada “Straturs” adlanan H2 virusunun yeni ştammı aşkar edilib ki, bu da virusun hələ də dövr etdiyini göstərir. Bununla yanaşı, qrip virusu da hər il peyda olur. Hazırda qripin A tipli H3N2 (Honkqonq qripi) ştammı geniş yayılıb. Bu virus birdən-birə temperaturun yüksəlməsi və halsızlıq kimi əlamətlərlə özünü göstərə bilər; bəzi hallarda hərarət yüksək olur".
A.Qeybulla qeyd edib ki, COVID-19 pandemiyasının təsiri altında immunitet sistemi zəiflədiyi üçün, hazırda infeksiyalar daha ağır gedişli ola bilər:
"Honkonq qripi virusunun Azərbaycana gəlməsi də tamamilə mümkündür və ehtimal ki, artıq ölkədə mövcuddur. Virus hava-damcı yolu ilə yayıldığından, istənilən şəxsin hərəkəti ilə ölkəyə transfer oluna bilər",- deyə həkim əlavə edib.
Seyranə QuliyevaMissiya.Az