ABŞ Prezidenti Donald Trampın administrasiyası 30-dan çox ölkənin vətəndaşlarının girişini qadağan etməyi planlaşdırır. Bu barədə daxili təhlükəsizlik naziri Kristi Noem “Fox News” telekanalına bildirib.
K. Noem dəqiq sayı və ya konkret ölkələrin adını çəkməkdən imtina edərək deyib ki, "Prezident ölkələri qiymətləndirməyə davam edir".
Nazir izah edib ki, qadağa "özünü təmin edə" bilməyən və ABŞ-yə vətəndaşlarının yoxlanılmasında kömək edə bilməyən ölkələrə şamil ediləcək. Reuters agentliyi bundan əvvəl ABŞ-nin 36 ölkənin vətəndaşlarının girişini qadağan edə biləcəyini bildirmişdi.
Məlumata görə, yeni məhdudiyyətlər noyabrın 26-da Vaşinqtonda Milli Qvardiya əsgərinin ölümünə səbəb olan atışmadan sonra sərtləşdirilmiş immiqrasiya siyasətinin davamı olacaq. Müstəntiqlər hücumun 2021-ci ildə ABŞ-yə gələn Əfqanıstan vətəndaşı tərəfindən törədildiyini düşünürlər.
Hadisədən sonra Prezident Donald Tramp "üçüncü dünya ölkələrindən" immiqrasiyanı "daimi olaraq dayandıracağına" söz verib.
Rizvan CƏFƏROV,
“Azərbaycan”