AZ

Maia Paçkoriya: Media təhsili Azərbaycan və Gürcüstan üçün strateji prioritetə çevrilir

Bakı, 5 dekabr, AZƏRTAC

Bu gün jurnalistikanın tədrisi sahəsində bir sıra problemlər bizi narahat edir. Media sahəsində təcrübəçi jurnalistlərin hazırlığı məsələsi xüsusilə diqqətəlayiqdir. Biz hər bir gənc jurnalistin hansı səviyyədə peşəkar bilik və bacarıq əldə edəcəyini düşünməliyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan-Gürcüstan Media Forumu çərçivəsində keçirilən “Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq” mövzulu panel sessiyada Qriqol Robakidze Universitetinin Humanitar və Sosial Elmlər Məktəbinin professoru, Multimedia Mərkəzinin rəhbəri Maia Paçkoriya deyib.

O qeyd edib ki, müasir dövrdə dezinformasiyanın yaratdığı problemlərin həcmi hər gün artır. Saxta xəbərlər, manipulyativ kontent və süni intellekt vasitəsilə yayılan yanlış informasiya cəmiyyətin etimadını zəiflədir. Biz bu problemin əsas həll yollarından birinin təhsil sistemində olduğunu görürük. Media təhsili cəmiyyətin informasiya savadlılığını yüksəltmək, jurnalistlərin peşəkar hazırlığını təmin etmək və dezinformasiyanın təsirini azaltmaq baxımından strateji əhəmiyyətə malikdir.

“Hər iki ölkə - Azərbaycan və Gürcüstan eyni problemlərlə üzləşir. Bu sahədə regional əməkdaşlıq və təcrübə mübadiləsi çox vacibdir. Diplomatiyada istifadə olunan “intellektual silahlanma” termini burada da uyğun gəlir. Biz universitetlərdə, elmi mərkəzlərdə və peşəkar media təşkilatlarında media təhsilini gücləndirərək cəmiyyətin informasiya mühitini qorumaq üçün intellektual resurslarımızı artırmalıyıq. Təhsildə inkişaf yalnız jurnalistlərin peşəkarlığını artırmır, həm də dezinformasiyanın yaratdığı təhdidlərin qarşısını almağa imkan verir. Güclü və müasir media təhsili cəmiyyətin məlumatlandırılması, medianın etibarlılığı və informasiya təhlükəsizliyinin qorunması üçün vacib baza təşkil edir”, - deyə Maia Paçkoriya vurğulayıb.

Seçilən
50
1
azertag.az

2Mənbələr