2026-cı il üçün minimum əməkhaqqının artırılması, sosial təminat mexanizmlərində yenilənmələr və pensiyaların indeksləşdirilməsi ilə bağlı gözləntilər həm əhalinin rifahına, həm də dövlətin sosial yükünə birbaşa təsir edən əsas mövzular kimi diqqətdədir.
Pensiyaların artırılması insanların sosial təminatının gücləndirilməsinə, onların rifah halının yaxşılaşdırılmasına yönələn addım kimi dəyərləndirilir. Maraqlı olan isə kimlərin pensiyasının artacağı ilə bağlı xəbərlərdir.
Bu barədə NOCOMMENT.az-a iqtisadçı Akif Nəsirli danışıb:
“Bütün növ əmək pensiyası, yəni yaşa görə, əlillik, ailə başçısını itirmək və digər pensiyalar 2026-cı ildə indeksləşdirilərək artacaq.
Pensiya alan təxminən 1,1 milyon vətəndaş bu artımlardan faydalanacaq. Eyni zamanda, 2026-cı ilin büdcəsində pensiyalara, sosial təminata vəsaitin artırılması nəzərdə tutulub, yəni yalnız mövcud pensiyaların indeksləşdirilməsi deyil, həm də yeni pensiya alanlara və yenidən hesablanan pensiyalara əlavə dəstək ehtimalı var.
2026-cı il üçün proqnozlaşdırılan indeksləşmə dərəcəsi təxminən 9.2%-dir.
Bu artım nəticəsində orta aylıq pensiyanın təxminən 590 manat, yaşa görə isə 629 manat olacağı proqnozlaşdırılır.
Məsələn, hazırda 400 manat alan bir pensiyaçının pensiyası 2026-cı ilin başlanğıcında təxminən 436–440 manat civarına qalxa bilər. Bu, nominal artımdır. Yəni inflyasiya, bahalaşma və digər yaşayış xərcləri nəzərə alınanda real alıcılıq gücü fərqli ola bilər. Həqiqi artım dərəcəsi ilin sonuna qədər orta aylıq əməkhaqqı artımı və rəsmi qərarlardan asılı olacaq”, – ekspert yekunlaşdırıb.