AZ

Alpinistimiz Antarktidanın ən yüksək zirvəsini fəth etdi – FOTOLAR

Azərbaycan alpinisti Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsi olan Vinson dağını (4892 m) fəth edib.

Tribuna xəbər verir ki, bu barədə o özü sosial şəbəkə hesabında məlumat paylaşıb. O bildirib ki, bu zirvəni də fəth etdiyinə görə çoz xoşbəxtdir:

“Vinson dağı (4892 m) – Antarktidanın ən hündür zirvəsidir və “7 Zirvə” layihəsinə daxildir. Bu layihə o qədər maraqlıdır ki, əgər həmin dağ olmasaydı, yəqin ki, heç vaxt Antarktidaya gəlməzdim. Amma bu qitədən o qədər təsirlənmişəm ki, bilmirəm daha çox nəyə görə xoşbəxtəm: Vinsona qalxdığıma görə, yoxsa Antarktidada olduğuma görə.

Antarktida – mütləq təmizlik və sükut məkanıdır. Burada nə şəhərlər var, nə səs-küy, nə də insan tarixi və eqosu. Burada inanılmaz enerji və sakitlik hiss edirəm.

İndi burada qütb yay fəslidir – gecənin olmaması çox heyrətamizdir. Günəş nə batır, nə də çıxır, sadəcə dairəvi şəkildə hərəkət edir.

Antarktida – yalnız dinc məqsədlərlə istifadə olunmasına icazə verilən yeganə qitədir. Bu, 58 ölkənin razılaşmasıdır. Burada yalnız turizm, elm və sülhə icazə verilir. Və buraya gələn insanlar bu qitəyə o qədər həssas yanaşırlar ki, bu inanılmaz yerin enerjisi daha da güclənir.

Dostlar, hisslərim çoxdur. Səfərin detalları ilə tədricən bölüşəcəyəm. Hələlik isə Antarktidada olduğuma və arzuma bir addım daha yaxınlaşdığıma görə çox xoşbəxtəm. Allaha şükür edirəm”

Qeyd edək ki, Elmira Aslanova  dünyanın ən hündür zirvəsi – Everestə (8848 metr) qalxan ilk azərbaycanlı xanımdır. O həmçinin  dünyanın bir çox  yüksəkliklərini fəth edib.

Gelşən Rəsul

Seçilən
147
1
tribunainfo.az

2Mənbələr