Ermənistanda son illərdə insan haqlarının sistemli şəkildə pozulması, siyasi rəqiblərə qarşı sərt repressiv metodların tətbiqi və dövlət institutlarının tamamilə hakimiyyətin nəzarəti altına alınması ölkədə faktiki olaraq avtoritar modelin formalaşdığını göstərir. Hazırda müxalifət liderləri və fəallar sistemli şəkildə təqib olunur, həbslərə məruz qalır, siyasi rəqabət məhv edilir. Həmçinin müstəqil medianın işinə maneə yaradılır və dini institutlara qarşı repressiv metodlar tətbiq edilir.
Təəccüblü olan isə Qərb və Avropa İttifaqının bu proseslər qarşısında nümayiş etdirdiyi susqunluqdur. İnsan hüquqları və demokratik dəyərlərin qorunması prinsipləri ilə özünü tanıdan beynəlxalq qurumların Ermənistandakı avtoritar transformasiya qarşısında göstərdiyi passivlik, ölkə daxilində hakimiyyətin sərt siyasətini daha da legitimləşdirir.
Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Ermənistanda son illərdə formalaşan siyasi mühit insan haqları, demokratik idarəetmə və hüququn aliliyi sahəsində ciddi geriləmələrlə xarakterizə olunur:
“Rəsmi təbliğat özünü “demokratiya modeli” kimi təqdim etsə də, ölkədə faktiki olaraq avtoritar idarəçilik üsulları möhkəmlənir, cəmiyyət isə dərin siyasi təzyiq şəraitində yaşamaq məcburiyyətində qalır. Bu vəziyyətin ən paradoksal tərəfi isə Avropa İttifaqının açıq-aşkar susqunluğudur. Demokratiya və insan hüquqları ilə bağlı ən yüksək standartları tələb edən institutların Ermənistandakı anti-demokratik meyillərə göz yumması ikili standartların, dəyərlərin tətbiqinə münasibətdə selektiv yanaşmanın növbəti bariz nümunəsi kimi qiymətləndirilməlidir.
Məlum olduğu kimi, Ermənistanda siyasi repressiyalar son illərdə sistemli xarakter alıb və hakimiyyətin siyasi məkan üzərində tam nəzarətini təmin etməyə yönəlib. Repressiv addımlar tək-tək hadisələr kimi yox, koordinasiya edilmiş siyasi strategiya formasında həyata keçirilir. Müxtəlif hadisələrin təhlili göstərir ki, hakimiyyət üçün təhlükə hesab edilən istənilən subyekt dərhal və ciddi hüquqi əsaslandırma olmadan hədəf seçilir. Siyasi proseslərin dairəsinin daraldılması, radikal addımlarla opponentlərin sıradan çıxarılması və alternativ siyasi fikrin məhv edilməsi Ermənistanın siyasi plüralizmdən tamamilə uzaqlaşdığını təsdiqləyir”.
Deputat bildirib ki, müxalifətin tam neytrallaşdırılması Ermənistan hakimiyyətinin əsas mübarizə xüsusiyyətinə çevrilib:
“Müxalif partiyaların liderləri müxtəlif bəhanələrlə istintaqa cəlb olunur, təqib edilir və ya həbs olunurlar. Bu proses təsadüfi yox, ardıcıl şəkildə həyata keçirilir. Məqsəd ölkədə siyasi rəqabətin qarşısını tamamilə almaqdır. Hakimiyyət müxalifətin küçə aksiyaları keçirməsini, ictimai narazılığı səsləndirməsini və ya seçki proseslərində real iştirakını sistematik şəkildə bloklayır. Hətta köhnə siyasi elitanın nümayəndələri deyil, son illər ortaya çıxan yeni siyasi figur və fəallar da eyni taleyi yaşayırlar. Bu, Ermənistanın “seçki yolu ilə dəyişiklik” perspektivini faktiki olaraq aradan qaldırır.

Elçin Mirzəbəyli
Jurnalistlərin sıxışdırılması və media azadlığının məhdudlaşdırılması vəziyyəti daha da ağırlaşdırır. Ermənistan mediası zahirən çoxspektrli görünsə də, real vəziyyətdə kəskin tənqidi mövqeyi olan jurnalistlər ardıcıl şəkildə təzyiqə məruz qalırlar. Onların bəziləri həbslə hədələnir, bəziləri isə fiziki təqiblərə və ya məhkəmə təzyiqlərinə qarşı müdafiəsiz buraxılır. İnformasiya məkanının daraldılması, müstəqil media qurumlarının maliyyə və inzibati təzyiq altına alınması, tənqidçilərin “təhlükəsizlik” bəhanəsi ilə susdurulması ölkədə avtoritar nəzarət mexanizminin mühüm tərkib hissəsinə çevrilib. Demokratik cəmiyyətdə medianın rolunu hədəf alan bu proses xalqın alternativ məlumat əldə etmək imkanlarını minimuma endirir və siyasi manipulyasiyanı asanlaşdırır”.
E.Mirzəbəyli qeyd edib ki, istər Ermənistan müxalifətinin müharibə canilərindən və revanşçılardan ibarət hissəsi, istərdə də kilsə demokratik düşüncənin daşıyıcıları deyillər:
“Amma bu, onların hüquq və azadlıqlarını kopud şəkildə pozmağa və onlara qarşı qanuna zidd davranışlar sərgiləməyə əsas vermir. Ermənistan hakimiyyəti kilsənin cəmiyyətdəki nüfuzunu zəiflətmək üçün həm siyasi, həm də inzibati vasitələrdən istifadə edir. Bu isə vicdan azadlığının pozulması ilə yanaşı, həm də insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasıdır.
Ermənistan hazırda demokratik təsisatların məhv edildiyi, insan haqlarının sistemli şəkildə pozulduğu və avtoritar idarəçilik modelinin formalaşdığı ölkəyə çevrilməkdədir. Siyasi repressiyalar, müxalifətin sıradan çıxarılması, medianın boğulması və kilsəyə qarşı təzyiqlər yalnız ölkənin daxili dinamizmini zəiflətmir, həm də bölgədə yeni risklər yaradır. Qərbin bu prosesə laqeydliyi isə ikili standartların dərinləşdiyini, beynəlxalq hüququn isə selektiv şəkildə tətbiq olunduğunu bir daha nümayiş etdirir”.