AZ

Özbəkistanda Bəxtiyar Vahabzadənin özbək dilində nəşr olunan kitabının təqdimatı keçirilib

Bakı, 5 dekabr, AZƏRTAC

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi olan “Azərbaycan sənət və ədəbiyyat günləri” proqramı çərçivəsində Fərqanə Dövlət Universitetində Azərbaycanın Xalq şairi, dramaturq, ədəbiyyatşünas alim və ictimai xadim Bəxtiyar Vahabzadənin “Jonimga jo – Ozarbayjonim” (“Canıma yaxın – Azərbaycanım”) kitabının təqdimatı olub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, nəşr Bəxtiyar Vahabzadənin poeziyasını yeni oxucu auditoriyasına təqdim etməklə yanaşı, Azərbaycan və Özbəkistan xalqları arasında mənəvi yaxınlaşmaya töhfə verən mühüm ədəbi hadisə kimi qiymətləndirilib.

Tədbirdə çıxış edən Fərqanə Dövlət Universitetinin birinci prorektoru, filologiya elmləri doktoru, dosent Zakir Rəhimov qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında elmi-ədəbi əməkdaşlıq son illərdə daha da fəallaşıb. O bildirib ki, Bəxtiyar Vahabzadə kimi ədəbiyyat korifeylərinin irsi iki xalqın mənəvi yaddaşını yaxınlaşdıran mühüm mənbələrdəndir. Prorektor kitabın təqdimatını həm ədəbi mühit, həm də tələbə auditoriyası üçün yeni imkanlar açan əhəmiyyətli mədəni hadisə kimi dəyərləndirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli bildirib ki, mədəni sahədə həyata keçirilən təşəbbüslər yalnız dövlətlərarası münasibətlərin ideya-mənəvi dayaqlarını möhkəmləndirmir, eyni zamanda xalqlar arasında dərin tarixi bağlara əsaslanan dostluq və mənəvi həmrəyliyin davamlı şəkildə güclənməsinə xidmət edir.

B.Vahabzadənin poeziyası yalnız müəyyən dövrün ədəbi-estetik düşüncəsini deyil, bütöv bir xalqın mənəvi axtarışlarını və duyğu dünyasını ifadə edir. Şairin ana dilinin saflığının qorunmasına, türk kimliyinin möhkəmləndirilməsinə və Türk dünyasının mənəvi birliyinə çağıran ideyaları bu gün də aktuallığını saxlayır. Azərbaycan–Özbəkistan münasibətlərinin humanitar-mədəni təməllərinin dərinləşməsinə mühüm töhfə verir”,-deyə o əlavə edib.

Fərqanə Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Xabibullo Cürayev, Nizami adına Özbəkistan Milli Pedaqoji Universitetinin professoru, “Özbəkistan–Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, Fərqanə Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Gözəl Muxamejanova və Özbəkistanın Xalq artisti, professor Sultanəli Mannopov Bəxtiyar Vahabzadənin yaradıcılığının özbək oxucusu üçün əhəmiyyətindən danışıblar.

Natiqlər çıxışlarında Azərbaycan şeirinin klassik ənənələr ilə müasir bədii düşüncə arasında mühüm körpü rolunu oynadığını, B.Vahabzadə poeziyasının isə bu xəttin ən parlaq nümunələrindən biri olduğunu qeyd ediblər. Həmçinin Azərbaycan və Özbəkistan ədəbiyyatları arasındakı qarşılıqlı təsirlərdən, klassik və müasir yazarların hər iki ölkədə tanıdılmasının vacibliyindən bəhs edərək, bu kimi layihələrin ədəbi-mədəni dialoqun inkişafına mühüm təkan verdiyini vurğulayıblar.

Tədbirin bədii hissəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarıbülbül” teatr truppası tərəfindən Xalq şairi Bəxtiyar Vahabzadənin “Jonimga jo – Ozarbayjonim” kitabından seçilmiş şeirlər səsləndirilib.

Seçilən
56
4
azertag.az

5Mənbələr