AZ

Joxovurd: Paşinyanın növbəti hədəfi bütün ermənilərin katolikosunun həbsi ola bilər...

Ermənistan mətbuatı iddia edir ki, arxiyepiskop Arşakın saxlanmasından sonra hakimiyyət Katolikos II Qareginə qarşı addıma hazırlaşır...

Poliqon xəbər verir ki, Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın kilsə ilə bağlı planlarının son mərhələyə daxil olduğunu yazır. “Joxovurd” qəzetinin məlumatına görə, arxiyepiskop Arşakın həbsi bu prosesin yalnız başlanğıcıdır və hökumət növbəti addım kimi Bütün Ermənilərin Katolikosu II Qaregini hədəfə ala bilər.

Qəzet yazır ki, hökumətə yaxın mənbələrin iddiasına əsasən, Katolikos hökumətlə kompromisə getmək niyyətində olmadığından, Paşinyan komandasının məqsədi ona loyal olan din xadimlərinin sayını artırmaq və bu şəxslər vasitəsilə II Qareginin “kilsənin və ruhani həyatın yenilənməsi naminə” istefasına nail olmaqdır.

“Joxovurd” qeyd edir ki, hüquq-mühafizə orqanları artıq bu istiqamətdə işləyirlər və yaxın zamanda Katolikosun həbsi üçün addım atıla biləcəyi iddia olunur. Qəzetin yazdığına görə, əsaslandırma məsələsi hakimiyyət üçün prioritet deyil:

“Mənbələr deyir ki, əsas olan Katolikosun təcrid olunmasıdır. Bundan sonra onun istefası ilə bağlı mətn internetdə yayılacaq. Həmin məktub real, yoxsa saxta olacaq, bunun heç bir əhəmiyyəti yoxdur. Əsas məqsəd II Qareginin istefa verdiyi görüntüsünü yaratmaq və onun uzaqlaşdırılması prosesini başlatmaqdır”, deyə nəşr qeyd edir.

Məlumat Ermənistanda kilsə-hakimiyyət münasibətlərində gərginliyin daha da artdığını göstərir. Katolikosluğun siyasi təzyiq altında olduğu iddiaları həm kilsə çevrələrində, həm də müxalif dairələrdə ciddi narahatlıq doğurur.

Poliqon.info

Seçilən
40
poliqon.info

1Mənbələr