Bakı, 5 dekabr, AZƏRTAC
Qərbi azərbaycanlıların tarixdə bir neçə dəfə öz dədə-baba yurdlarından qovulması faktı məlumdur. Buna görə də onların qayıdış hüququ beynəlxalq hüququn əsas prinsipləri çərçivəsində təmin edilməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İbn Haldun Universitetinin Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin direktoru Yaşar Sarı “Mədəni irs və qayıdış hüququ” mövzusunda keçirilən beynəlxalq konfransın “Qayıdış hüququ və mədəni irs: hüquqi və mənəvi əsaslar” adlı panel müzakirəsində söyləyib.
O bildirib ki, mədəni ayrı-seçkiliyin aradan qaldırılması vacibdir və bu istiqamətdə beynəlxalq konvensiyalar mədəni irsin qorunmasına dəstək verməlidir.
“Qərbi azərbaycanlılara qarşı baş vermiş ədalətsizliyin aradan qaldırılması məqsədilə mövcud beynəlxalq sənədlər onların qayıdış hüququnun tanınmasını və qorunmasını nəzərdə tutur. Bununla yanaşı, Azərbaycan və Ermənistan arasında imzalanan razılaşmalar da bu prosesə müsbət töhfə verə bilər", - deyə Y.Sarı vurğulayıb.