Sumatra adasında minlərlə insan yaralanıb, yüzlərlə sakin isə itkin düşmüş hesab olunur...
İndoneziyanın Sumatra adasında baş verən güclü daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı ən azı 846 nəfərə çatıb.
Poliqon xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Agentliyi məlumat yayıb. Qurumun açıqlamasına görə, daha 547 nəfər barədə məlumat yoxdur və onlar itkin düşmüş kimi qeydiyyata alınıb.
Rəsmi məlumatlar bildirir ki, təxminən 2,7 min sakin fəlakət zamanı müxtəlif dərəcəli xəsarətlər alıb. Təbii hadisə nəticəsində genişmiqyaslı dağıntılar baş verib, yaşayış evləri, yollar və mühüm infrastruktur obyektləri ciddi ziyan görüb. Bu səbəbdən xilasetmə qruplarının ən çox zərərçəkmiş bölgələrə çatması çətinləşib.
İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyi bildirib ki, fəlakət bölgədə bir həftədən çox davam edən güclü leysanlar nəticəsində yaranıb. Sürüşmə və daşqınlar bir çox yaşayış məntəqələrini tamamilə dağıdıb, yerli hakimiyyət isə yeni humanitar yardım və təxliyə tədbirlərinin həyata keçirildiyini təsdiqləyib.
Hazırda ərazidə xilasetmə və axtarış işləri davam edir, lakin hava şəraitinin qeyri-sabit olması səbəbindən əməliyyatlar çətinləşir. Rəsmilər xəbərdarlıq edirlər ki, qurbanların sayı daha da arta bilər.
Poliqon.info