AZ

ABŞ miqrasiya qadağasına düşəcək ölkələrin siyahısını genişləndirir

Tramp administrasiyası 30-dan çox ölkənin vətəndaşlarının ölkəyə girişinə məhdudiyyət tətbiq etməyi planlaşdırır...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası ölkəyə girişinə qadağa qoyulacaq ölkələrin siyahısını əhəmiyyətli dərəcədə genişləndirməyə hazırlaşır. Bu barədə daxili təhlükəsizlik naziri Kristi Noem Fox News telekanalına açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, Tramp hazırda müxtəlif ölkələrlə bağlı riskləri yenidən qiymətləndirir. Kristi Noem qadağan ediləcək ölkələrin dəqiq sayını və adlarını açıqlamaqdan imtina edib. Reuters isə əvvəlki məlumatlarında ABŞ-ın 36 ölkənin vətəndaşlarına giriş yasağı qoymağı nəzərdən keçirdiyini yazmışdı.

Nazir bildirib ki, yeni məhdudiyyətlər əsasən öz vətəndaşları barədə kifayət qədər məlumat təmin edə bilməyən və ABŞ-a onların yoxlanılmasında yardım göstərməyən ölkələrə şamil olunacaq. Bu addım Vaşinqtonda 26 noyabrda baş vermiş silahlı hücumdan sonra sərtləşdirilən miqrasiya siyasətinin davamı kimi qiymətləndirilir.

Həmin insident nəticəsində Milli Qvardiyanın bir hərbçisi həlak olmuşdu. İstintaqın məlumatına görə, hücum 2021-ci ildə ABŞ-a gəlmiş Əfqanıstan vətəndaşı tərəfindən törədilib. Hadisədən sonra Donald Tramp “üçüncü dünya ölkələrindən” miqrasiyanı “daimi olaraq dayandıracağını” vəd etmişdi.

Mütəxəssislər qeyd edirlər ki, yeni qərar ABŞ-nin miqrasiya sistemində köklü dəyişikliklərə səbəb ola bilər və xüsusilə Asiya, Afrika və Yaxın Şərq ölkələrindən ölkəyə girişə ciddi təsir göstərəcək.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr