ABŞ hökuməti 30-dan çox ölkənin vətəndaşları üçün ölkəyə girişin qadağan edilməsi və ya məhdudlaşdırılması barədə düşünür. AzPost bildirir ki, bunu ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem Fox News kanalına verdiyi müsahibədə açıqlayıb.
Nazir qeyd edib ki, “Əgər bu ölkələrdə sabit hökumətlər yoxdur, əgər onlar ABŞ-a daxil olmaq istəyən şəxslərin kimliyini müəyyənləşdirməkdə bizə kömək edə bilmirsə, niyə biz həmin ölkələrin vətəndaşlarını qəbul etməliyik?”
Amerikanın media qurumları xəbər verir ki, prezident Donald Tramp administrasiyası hal-hazırda giriş qadağası tətbiq olunan ölkələrin siyahısını genişləndirməyi planlaşdırır. Hazırda siyahıda 19 ölkə var, lakin yaxın gələcəkdə bu say 32-yə çatdırıla bilər. Hər hansı ölkələrin siyahıya əlavə olunacağı barədə isə rəsmi açıqlama verilməyib.
Bundan öncə, Kristi Noem ABŞ-a təhlükə yarada biləcək ölkələrin vətəndaşları üçün tam giriş qadağasının tətbiqini təklif etmişdi. Bu bəyanat Vaşinqtonda Milli Qvardiyanın hərbçilərinə qarşı törədilmiş hücumdan sonra səsləndirilib.
Eyni zamanda, prezident Tramp ölkədə qanunsuz yaşayan bütün miqrantların ölkədən çıxarılmasını tələb etmişdi.