Naxçıvan MR Ali Məhkəməsində on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmədə təqsirləndirilən Zaman İsrafilovun (adı, soyadı şərtidir) barəsində qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Qərara əsasən, apellyasiya şikayətləri təmin edilməyib.
İttihama görə, Zaman İsrafilov 20 aprel 2025-ci ildə Babək rayonun sakini, 2010-cu il təvəllüdlü, yetkinlik yaşına çatmayan, 9-cu sinif şagirdi, zərərçəkmiş S.S.-i (adı, soyadı şərtidir) evdən qaçıraraq qohumuna məxsus evə aparıb və orada onunla cinsi əlaqədə olub. Məhkəmə sənədlərində qeyd olunur ki, hadisə ailə qurmaq məqsədilə törədilsə də, zərərçəkmişin yetkinlik yaşına çatmaması faktı cinayət tərkibi kimi qiymətləndirilib.
Hadisədən sonra Zaman İsrafilov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Babək Rayon Məhkəməsinin hökmü ilə o, 1 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında dərhal həbsə alınıb.
Kamal Məmmədov