Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Qafar Kərimovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə bu il saat 23:30 radələrində Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində “Bazar “adlanan yerdə baş verib.
Belə ki, Qafar Kərimov tanışı, zərərçəkmiş Elmar Yusifovla (soyadı şərtidir) arasında şəxsi münasibətlər zəminində mübahisə edib. Hadisəyə tərəflərin bir neçə gün əvvəl öz istifadələrində olan mobil telefonları, yəni təqsirləndirilən şəxsə məxsus “Samsung A51” markalı telefonun zərərçəkmiş şəxsin “Samsung A6” markalı telefonu ilə dəyişdirilməsi, sonradan isə dəyişdirilmiş telefonun geri qaytarılması zamanı yaranan nasazlıq səbəb olub.
Məlumata görə, Elma Qafara təqdim etdiyi telefonda nasazlıq olduğunu bildirdiyi üçün tərəflər arasında mübahisə yaranıb. Bu zaman zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələr işlədib, onun ailə üzvlərini təhqir edib və başı ilə onun üzünə bir dəfə zərbə vuraraq fiziki ağrı yetirib.
Baş verənlərdən hiddətlənən Qafar qisas almaq məqsədilə üzərində gəzdirdiyi bıçaqla Elmarın sol qoltuqaltı nahiyəsinə bir dəfə zərbə vuraraq ona xəsarət yetirib.
Hadisədən sonra Qafar Kərimov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov