Uşaqlıqda valideynlərin boşanması qocalıqda insult riskini əhəmiyyətli dərəcədə artıra bilər - hətta uşaq fiziki və ya cinsi zorakılığa məruz qalmasa belə.
Publika.az Kanada və ABŞ-dan olan tədqiqatçıların apardıqları araşdırma nəticəsi "PLOS One" jurnalında dərc olunub.
İnsult hələ də ölüm və əlilliyin əsas səbəblərindən biridir. Siqaret çəkmək, şəkər xəstəliyi, yüksək qan təzyiqi kimi tanınmış risk faktorlarına əlavə olaraq alimlər uşaqlıq dövründə baş vermiş hadisələri də araşdırmağa başlayıblar. Bu cür mənfi hallar arasında zorakılıq, laqeydlik və ailədaxili münaqişələr göstərilir. Lakin uzun müddət boşanma daha ağır travma formaları ilə birlikdə qiymətləndirilirdi, bu isə onun ayrı-ayrılıqda təsirini ölçməyi çətinləşdirirdi.
Tədqiqat qrupu - Tindeyl Universitetindən Meri Keyt Şilke, Texas Universitetindən (Arlington) Filip Bayden və Toronto Universitetindən Esme Fuller-Tomson daha dəqiq analiz aparmağa qərar verib.
Alimlər 2022-ci ildə keçirilmiş CDC-nin geniş miqyaslı sorğusu — Behavioral Risk Factor Surveillance System məlumatlarından istifadə ediblər. Onlar 65 yaşdan yuxarı 13 205 amerikalının cavablarını araşdırıblar. İştirakçılar uşaqlıq dövrü ilə bağlı əlavə suallara cavab veriblər. Bunun üçün səkkiz ştatdan məlumat toplanıb. Fiziki və ya cinsi zorakılıqla bağlı uşaqlıq epizodlarını bildirənlər seçimdən çıxarılıb ki, təsirin yalnız boşanma üzərindən qiymətləndirilməsi mümkün olsun.